Türkiyə və Macarıstan müdafiə əlaqələrini yeni müqavilələrlə gücləndirir
Türkiyə və Macarıstanın aparıcı müdafiə sənayesi şirkətləri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirən yeni müqavilələr imzalayıb. Macarıstanın Baş naziri Viktor Orbanın Ankaraya səfəri çərçivəsində tərəflər hərtərəfli müdafiə sənayesi çərçivə sazişi bağlayıb.
Səfər zamanı 4iG Kosmos və Müdafiə Texnologiyaları (4iG SDT), ASELSAN və Nurol Makina arasında da iki yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən, 4iG SDT 2030-cu ilə qədər Macarıstan bazarında Gidran 4x4 zirehli avtomobillərinin satışı üzrə eksklüziv distribyutorluq hüququ əldə edib. Gidran 4x4, Nurol Makina tərəfindən istehsal olunan Ejder Yalçın zirehli maşınlarının Macarıstan üçün uyğunlaşdırılmış versiyasıdır. Yeni müqavilə ilə 4iG SDT bu avtomobillərin Macarıstanda bütün potensial istifadəçilərə satışı, təchizatı və dəstəyi üzrə yeganə səlahiyyətli şirkət olacaq. Saziş, iki ölkə arasında Gidran avtomobillərinin tədarükü, inkişafı və birgə istehsalını nəzərdə tutan geniş çərçivə müqaviləsinin tərkib hissəsidir. Avtomobillərin yığılması və bəzi alt sistemlərin istehsalı Macarıstanın Raba şirkətinin iştirakı ilə Gyor şəhərində həyata keçiriləcək.
4iG SDT və Nurol Makina arasındakı bu yeni razılaşma, Raba ilə Nurol Makina arasında mövcud sənaye əməkdaşlığını tamamlayır. Hazırda Raba şirkətinin əsas payının 4iG SDT tərəfindən alınması prosesi davam edir. Bununla da Gidran proqramında istehsaldan satışa və texniki xidmətə qədər bütün mərhələlər vahid korporativ struktur daxilində idarə olunacaq.
TRT XƏBƏR
Ləman Mahmudlu