Türkiyə-Yunanıstan Gərginliyi
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstana rəsmi etirazını bildirib. Nazirlik açıqlamasında, Yunanıstanın bəzi addımlarının iki ölkə arasında gərginliyi artırdığı vurğulanıb və məsələ diqqətlə izləniləcəyi qeyd olunub.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, iki ölkə arasındakı münasibətlərin gərginliyinin kökləri tarixi səbəblərə əsaslanır və hazırda həm strateji, həm də təhlükəsizlik baxımından önəm daşıyır:
“Yunanistanın bəzi adaları silahlandırması, adaların faktiki olaraq Yunanıstan nəzarətində olması və beynəlxalq hüquqa görə silahsız qalmalı olmalarına baxmayaraq təxribatçı addımlar atması Türkiyənin haqlı etirazına səbəb olur. Türkiyə Birinci Dünya Müharibəsindən sonra xarici güclərdən qəbul etdirilmiş haqqsız şərtlərin təsirini hələ də hiss edir və bu məsələlərin tam həll olunmaması münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Bu etirazlar iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərir, çünki hər iki dövlətin və xalqın maraqları bərabər şəkildə nəzərə alınmır. Türkiyənin etirazları beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif şəkildə qiymətləndirilir. Tərəfdaş ölkələr bu etirazları müsbət qarşılayacaq, lakin digər dövlətlər xoş qarşılamaya bilər. Bu, əsasən ölkələrin beynəlxalq hüquq və öz maraqlarına necə yanaşmasından asılıdır. Türkiyənin mövqeyi öz haqlı və tarixi mövqeyindən çıxış edən, qonşuluq və strateji maraqlara uyğun olan ölkələrdən dəstəklənəcək, lakin maraqları fərqli olan digər dövlətlər birmənalı qarşılamaya bilər”.
Ayşə Müzəfərli