Türkiyədə mühüm razılıq
Türkiyənin regional təhlükəsizlik gündəmi yenidən diqqət mərkəzinə çevrilib. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının son iclasında həm daxili, həm də beynəlxalq proseslər geniş müzakirə olunub. Toplantının əsas məqamlarından biri isə Azərbaycan-Ermənistan sülh prosesində son dövrdə əldə olunan irəliləyişlər və bu kontekstdə Ankaranın regional əməkdaşlığa verdiyi dəstək olub.
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli "İnformator.az"a bildirib ki, Türkiyə artıq regionun açar dövlətinə çevrilib:
"Formalaşan yeni geosiyasi reallıqlarda Ankara məharətlə fəaliyyət göstərir. Bunu Yeni Avropanın təhlükəsizlik sisteminin formalaşmasında Türkiyənin oynadığı rolda da görmək mümkündür. Avropa ABŞ-nin, xüsusilə də prezident Donald Trampın son dövrlərdəki siyasətinə tənqidi yanaşdığı üçün Vaşinqtondan daha müstəqil təhlükəsizlik strukturu yaratmağa çalışır və bu istiqamətdə xeyli irəliləyiş əldə edib. Bu prosesdə aparıcı rollardan birini də Türkiyə oynayır. Avropada belə hesab olunur ki, ABŞ Qərb dəyərlərindən müəyyən qədər uzaqlaşıb və bu dəyərlərin qorunub saxlanılması missiyası yeni formalaşan Avropa güc mərkəzinin üzərinə düşür. Bu kontekstdə Rusiyaya qarşı aparılan mübarizə də əsas diqqət mərkəzindədir. Azərbaycan–Ermənistan münasibətlərinə gəlincə, həm müharibə dövründə, həm də müharibədən sonrakı mərhələdə Türkiyə çox mühüm rol oynayıb. Məsələn, yaxın günlərdə Azərbaycan xarici işlər nazirinin verdiyi bir açıqlama xüsusilə diqqət çəkir. Nazir bildirib ki, müharibə zamanı Türkiyə Azərbaycandan gələn bütün məlumat və yazışmalar Ankaradan göndərilən sənədlərlə eyni təsir gücünə malik kimi qəbul edilməli, eyni həssaslıqla qiymətləndirilməlidir”.
Ankaranın mövqeyinin bu məsələdə qəti olduğunu bildirən politoloq qeyd edib ki, Ermənistan dərk edir ki, Azərbaycanla münasibətlər lazımi səviyyədə olmadan, sülh prosesi Bakının tələblərinə uyğun şəkildə qurulmadan Türkiyə ilə nə sərhədlər açılacaq, nə də diplomatik əlaqələr bərpa ediləcək:
“Məhz Türkiyənin təsiri nəticəsində erməni tərəfi bir sıra addımlar atıb. Ermənistan ordusunda Ağrı dağını (onların “Ararat” adlandırdığı) təsvir edən simvollar və möhürlərdən həmin şəkil çıxarılıb. Bundan əlavə, Paşinyan son günlərdə bildirib ki, referendum keçiriləcək və müstəqillik bəyannaməsində yer alan Azərbaycana qarşı ərazi iddiaları sənəddən çıxarılacaq. Konstitusiya səviyyəsində Azərbaycanın ərazi bütövlüyünə iddianın olmaması rəsmiləşdiriləcək. Bütün bu proseslərdə Türkiyənin əvəzedilməz rolu var. Türkiyə bu gün Cənubi Qafqazın lider dövləti kimi qəbul olunur. Bunu Gürcüstan, Ermənistan və xüsusilə Azərbaycan yüksək qiymətləndirir. Regionda Rusiyanın təsirini azaltmaq üçün Türkiyə amilini gələcəkdə də yüksək səviyyədə qoruyub saxlamaq vacibdir".
Xumar Emilqızı
