“Türkiyənin Britaniya ilə saziş bağlaması Avropa ilə münasibətlərində inkişafın göstəricisidir”
Ankara və London Böyük Britaniya Baş naziri Kir Starmerin Ankaraya səfərinin nəticəsi olaraq “Eurofighter” qırıcı təyyarələri ilə bağlı saziş imzalamağı planlaşdırır.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyənin Britaniya ilə saziş bağlaması Avropa ilə münasibətlərində inkişafın göstəricisidir:
“Eyni zamanda Türkiyə Hərbi Hava Qüvvələrinin mövcud donanmasının müdafiə yönündən güclənməsinə hesablanıb. İsraillə gərginlik fonunda eyni zamanda Britaniyanın Fələstini tanıması Türkiyə ilə yaxınlaşmaya vəsilədir. "Eurofighter"in ilkin mərhələdə 40 ədəd alınması nəzərdə tutulub. Təbii ki, NATO çərçivəsində müttəfiqlərin bu məsələyə münasibət birmənalı olmaya bilər. Əsasən də Türkiyənin İsraillə gərginlik yaşadığı bir ərəfədə etirazlar da ola bilər. Ancaq Türkiyə beynəlxalq aləmdə atdığı addımları əsaslandırır və bu cür sazişlərin zəruriliyini ortaya qoyur. Avropa və ABŞ-nin arasında balanslı siyasət yürüdən Türkiyə hər ikisindən də bəhrələnir. Xüsusən Türkiyənin müəyyən maraqlarına, əsasən Fələstin məsələsindəki mövqeyinə yaxın olan Britaniya ilə əlaqələrinin irəliləməsinə çalışır. Həmçinin Britaniya Yaxın Şərqdə ABŞ-ni və İsrail birliyinin təsirini Türkiyə vasitəsi ilə balanslaşdırmağı düşünür. Odur ki, bu cür sazişlərin həyata keçirilməsi təbii zərurətdən yaranır”.
Aytac İbrahimova
