Türkmənistan nümayəndə heyəti Ermənistana səfər edib
Türkmənistan Təhsil Nazirliyi və İT parkının nümayəndə heyətləri beynəlxalq təcrübəni öyrənmək üçün Ermənistana səfər edib. Səfər BMT-nin İnkişaf Proqramı tərəfindən Türkmənistan Rabitə Nazirliyi ilə birgə təşkil olunub.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Bildirilib ki, səfər zamanı türkmənistanlı mütəxəssislər milli rəqəmsal prioritetlərlə bağlı əməliyyat modelləri, strukturlar və strateji yanaşmaları araşdırıblar:
“Xüsusi diqqət məlumatların qorunması və innovativ təcrübələrə yönəlib, bu çərçivədə “NVIDIA Armenia”, “Microsoft Innovation Center” və Kibertəhlükəsizlik İnkişaf Mərkəzi ziyarət olunub.
Nümayəndə heyəti həmçinin texnoloji şirkətlərin inkişafı, yaradıcı istedad ekosistemləri (TUMO, Picsart, Synopsys) və innovasiyaların genişlənə bilən modelləri üzrə praktiki biliklər əldə edib. “Aznavur” Milli Superkompüter Mərkəzi, AI4ALL təşəbbüsləri, regional mərkəzlər (Gümrü Texnoloji Mərkəzi) və İrəvan Dövlət Universiteti ilə akademik tərəfdaşlıqlar da daxil olmaqla, rəqəmsal infrastrukturun iqtisadi artımdakı rolu da təhlil olunub”.