Türkmənistan və Rusiya təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıb
Moskvada Türkmənistan və Rusiya Xarici İşlər nazirlikləri arasında müasir çağırışlara və təhdidlərə qarşı mübarizə üzrə məsləhətləşmələr keçirilib.
Mövzu ilə bağlı siyasi şərhçi Xəqani Cəfərli “İnformaror.az”a açıqlamasında bildirib ki, Moskvada Türkmənistan və Rusiya Xarici İşlər Nazirlikləri arasında müasir çağırışlara və təhdidlərə qarşı mübarizə üzrə məsləhətləşmələr hər iki ölkənin ümumi maraqlarından irəli gəlir:
“Əfqanıstanda Taliban terror təşkilatının hakimiyyətə gəlməsi, son zamanlar Əfqanıstanla Pakistan arasında gərginliyin artması və İranla Pakistan ərazisində bəlucların öz müqəddəratını təyin etmə uğrunda mübarizəsinin radikal şəkil alması Tükmənistan və Rusiya üçün ümumi təhlükə yaradır. Moskvada gözəl bilirlər ki, Ukraynadakı hərbi-siyasi uğursuzluq Rusiyanın daxilində də radikal dini qüvvələri gücləndirib. Belə bir vəziyyətdə Rusiya üçün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq həyati önəm daşımağa başlayır. Ancaq bu əməkdaşlıq regional güc balansına ciddi təsir edə bilməz. Ümumiyyətlə Rusiyanın hansısa bölgədə güc balansını dəyişmək üçün resursları yoxdur. Qənaətimcə, hazırda dünyada yalnız iki dövlət, ABŞ və Çin hansısa bölgədə qüvvələr balansını dəyişə bilər. Bu iki ölkədə arasında əməkdaşlığın üçüncü ölkəyə qarşı yönəlməsi isə mümkün deyil. Hər iki ölkənin resursları yalnız öz mövqelərini qorumağa yetərlidir. Buna görə də Rusiya ilə Türkmənistan arasında təhlükəsizlik əməkdaşlığı qonşu ölkələrlə münasibətlərə ciddi təsir göstərə bilməz”.
Aytac İbrahimova
