TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğızıstanda monitorinq keçirib
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğızıstanda növbədənkənar parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib. Missiya 30 noyabr 2025-ci il tarixində Bişkek, Oş və Özgön şəhərlərində fəaliyyət göstərib.
Missiyanın rəhbəri Qazaxıstan Parlamenti Məclisinin üzvü Abzal Kuspan olub. Heyətdə Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentlərinin üzvləri, TÜRKPA və Mərkəzi Seçki Komissiyasının əməkdaşları yer alıb.
Müşahidəçilər seçki məntəqələrini ziyarət edərək səsvermə prosesini açılışdan sayımadək izləyib, seçicilər, məntəqə rəsmiləri və yerli müşahidəçilərlə görüşüb, həmçinin KİV-ə müsahibələr veriblər.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, bunu ciddi siyasi hadisə kimi qiymətləndirmək doğru deyil:
“Bu cür seçkilər istənilən ölkədə, o cümlədən Qırğızıstanda keçirilə bilər. Seçkilər zamanı beynəlxalq təşkilatların, o cümlədən Türk Dövlətləri Təşkilatının və digər türk qurumlarının nümayəndələri müşahidəçi kimi iştirak edir. Bu, nə Qırğızıstana, nə də türk dövlətlərinə xas haldır.
Azərbaycanda da seçkilər zamanı beynəlxalq müşahidəçilər iştirak edir və bunu xüsusi inteqrasiya prosesi və ya ciddi siyasi hadisə kimi qiymətləndirmək doğru deyil.
Bu, tamamilə adi, rutin bir prosesdir və həmin təşkilatların vəzifəsi də müşahidə aparmaqdır. Ona görə də bunun türk dövlətləri arasında inteqrasiyaya töhfə verəcək səviyyədə hadisə olduğunu düşünmürəm.
Azərbaycan və digər türk dövlətlərinin müşahidəçi qismində iştirakı da xüsusi siyasi mesaj daşımır. Belə mesaj o zaman olur ki, məsələn, İkinci Qarabağ müharibəsində olduğu kimi, konkret siyasi dəstək göstərilsin.
Belarus nümayəndəsinin Azərbaycandakı seçkiləri izləməsi də siyasi mesaj kimi qəbul olunmur. Eyni qaydada Azərbaycan da başqa ölkələrdə müşahidəçi kimi iştirak edir. Yəni bu, adi və texniki xarakterli bir məsələdir”.
Aydan Əsgərxanlı
