TÜRKPA və ATƏT PA baş katibləri regional sülh məsələlərini müzakirə ediblər
İstanbulda keçirilən ATƏT PA-nın 23-cü payız sessiyası çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi, səfir Ramil Həsən ATƏT Parlament Assambleyasının (ATƏT PA) Baş katibi Roberto Montella ilə görüşüb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Türk dövlətlərinin beynəlxalq məkanda nüfuzu sürətlə yüksəlir, o cümlədən də Türk Dövlətləri Təşkilatının beynəlxalq proseslərin həllinə qatılma prosesi artıq başlamış kimi görünür:
"O cümlədən də, Türk Dövlətləri Parlament Assambleyasının rəhbərliyinin ATƏT Parlament Assambleyası rəhbərliyi ilə görüşməsi olduqca önəmli bir prosesdir. Bu da onu göstərir ki, Türk Dövlətləri Təşkilatı və ümumiyyətlə, Türk coğrafiyasında mövcud olan dövlətlər artıq yeni dünya düzəninin aparıcı dövlətləri sırasına daxil olur. Bu sırada Azərbaycanın rolu inkar olunmazdır. Azərbaycan Türkiyə ilə ortaq şəkildə Türk Dövlətləri Təşkilatının nüfuzunun artırılmasında və daha güclü inteqrasiya vasitəsilə ortaq maraqlar çərçivəsində fəaliyyəti təmin etməyə çalışan əsas dövlətlərdən biridir və bu baxımdan hesab etmək olar ki, bütün bu baş verənlər və İstanbulda keçirilən görüş Türk Dövlətləri Təşkilatının artıq beynəlxalq məkanın avanqard siyasi iradə mərkəzlərindən birinə çevrildiyinin real göstəricisidir “.
Reyhan Quliyeva
