Tailand-Kamboca sərhəd gərginliyi
Tailand və Kamboca sərhədində gərginlik yenidən artıb. Son günlər hər iki tərəfdən atəşkəsin pozulması və hava zərbələrinin endirilməsi xəbərləri bölgədə təhlükəsizlik vəziyyətinin pisləşdiyini göstərir.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, artıq bir əsrə yaxındır ki, Tailand və Kamboca arasında ərazi iddiası davam edir:
“Münaqişənin əsas səbəbi qədim məbədlərin yerləşdiyi torpaqların kime məxsus olması ilə bağlıdır. Tarixi və mədəni əhəmiyyətə malik olan bu torpaqlar üzərində zaman-zaman qarşıdurmalar baş verib. Bu münaqişə dövrlər üzrə eskalasiya edir və həm dinc sakinlər, həm də hərbçilər arasında itkilərə səbəb olur. Son intensiv döyüşlər bu il iyulun 24-də başlayıb. Tərəflər qarşılıqlı şəkildə bir-birini sərhədi pozmaqda ittiham edib. Nəticədə sərhəd boyunca artilleriya və hava zərbələri endirilməyə başlayıb. Quru sərhəd boyu cəmləşib və qarşıdurma təxminən 5 gün davam edib. Bu, bölgədəki təhlükəsizlik vəziyyətini ciddi şəkildə gərginləşdirib və mülki əhaliyə də təsir edib”.
Mirbəşiroğlu bildirib ki, ABŞ prezidenti vəziyyətə fəal müdaxilə edib və diplomatik kanallar vasitəsilə sülh prosesinə töhfə verib:
“ABŞ prezidenti hər iki dövlətin lideri ilə telefon danışıqları aparıb. ABŞ tərəfi bildirib ki, atəşkəs əldə olunmasa, ABŞ həmin ölkələrlə ticarət razılaşmalarını imzalamayacaq. Bu təzyiq sülh prosesini sürətləndirib. Hər iki tərəf danışıqlara başlayacağını və atəşkəsin bərpa olunacağını açıqlayıb. 28 iyulda Malayziyada əldə olunan razılıq hər iki tərəf üçün mühüm diplomatik nailiyyət olub. Donald Tramp bunu özünün böyük diplomatik uğuru kimi qiymətləndirib. Hər iki tərəf Tramp sayəsində sülhün təmin olunduğunu açıqlayıb. Şübhəsiz ki, ABŞ administrasiyasının bu və digər məsələlərdə fəal rolu qlobal sülhün yaranmasında əhəmiyyətli rol oynayır”.
Mirbəşiroğlu vurğulayıb ki, gərginlik hələ də tam aradan qaldırılmayıb:
“Tailand və Kamboca arasında qarşıdurma yenidən artıb, tərəflər bir-birini ittiham edir və artilleriya zərbələri endirilir. Münaqişənin həlli istiqamətində fundamental addımlar atılmalıdır. Müzbəhli ərazi məsələsinə aydınlıq gətirilməlidir. Sadəcə tərəflər arasında sülhün yaranması münaqişənin həlli demək deyil; problem daha dərindən, tarixi və siyasi konteksti nəzərə alınaraq həll olunmalıdır. Tramp bu dəfə daha uzunmüddətli və fundamental tədbirlər görməlidir. Düzgün və ardıcıl şəkildə həyata keçirilərsə, proses uzun çəkə bilər, lakin nəticədə sülh təmin olunacaq. Bu, Cənub-Şərqi Asiyada regional stabilliyin qorunmasına, sərhəd gərginliyinin azalmasına və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək”.
Fatimə Hüseynli
