“Tamaşaçı aparıcını rəsmi fiqur kimi deyil, dost kimi görməlidir”-TƏRANƏ İSMAYIL
Müasir dövrdə efir anlayışı artıq yalnız televiziya və radio ilə məhdudlaşmır. Bu gün podkastlar, “YouTube” kanalları və sosial şəbəkələrdəki canlı yayımlar hər birimizi geniş auditoriya qarşısına çıxarır. Bəs “yeni efir” məkanında necə danışmalıyıq?
Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayıl Teleradio Akademiyasının tələbələri ilə görüşündə məhz bu aktual mövzulara toxundu. “Müasir efir dilinin xüsusiyyətləri” mövzusunda keçirilən təlimdə dilin həm rəqəmsal, həm də klassik media mühitindəki rolu müzakirə edildi.
Təranə İsmayıl vurğuladı ki, müasir dinləyici artıq süni, “robotvari” xəbər tonundan yorulub. Bu gün auditoriya qarşısında rəsmi bir fiqur deyil, özünə yaxın hiss etdiyi, etibarlı bir “dost” görmək istəyir.
Təlimçi çıxışında bir neçə mühüm məqamı xüsusi qeyd etdi. Səmimiyyət təkcə sözlə deyil, mimikalar, baxışlar və davranışlarla nitqin ayrılmaz tərkib hissəsinə çevrilir. O,vurğuladı ki, səmimiyyət bütöv bir obraz kimi ötürülməlidir.
Təranə İsmayıl efir dilinin əvvəlki illərə nisbətən daha da sərbəstləşidiyini qeyd etdi.Mürəkkəb terminləri xalqın anladığı sadə ifadələrlə əvəzləmək məlumatın daha tez mənimsənilməsinə kömək edir. Düzgün qoyulan məntiqi vurğu və yerində edilən pauzalar nitqin təsir gücünü ikiqat artırır.
Təranə İsmayıl Azərbaycan efir məkanında kişi tembrinə yüksək tələbatın olduğunu söylədi.O,qeyd etdi ki, hər bir səsin özünəməxsus tembri olsa da, əsas məsələ səsin texniki göstəriciləri deyil, ədəbi dil normalarına riayət etməkdir. Çünki efir dili cəmiyyətin dil zövqünü formalaşdıran əsas vasitədir.
“Hər birimizin danışığından qarşımızdakı mütləq təsirlənir”, − deyən Təranə İsmayıl vurğuladı ki, insanın nitqi onun haqqında yaranan ilk və ən güclü təəssüratdır.
İnteraktiv formatda keçən görüşün sonunda tələbələr özlərini maraqlandıran suallara ətraflı cavab tapdılar. Bu təlim həm gələcəyin telejurnalistləri, həm də rəqəmsal media nümayəndələri üçün peşəkar nitqin sirrlərini öyrənmək baxımından faydalı oldu.


Səkinəbəyim Cəfərova