“Tanrının əli”ndən əbədiyyətə: Maradona kim idi?
Futbol tarixində elə adlar var ki, onların meydandakı çıxışı illər keçsə də unudulmur. Diego Maradona da belə simalardan biridir. Bir zamanlar milyonlarla insanı ekran qarşısına toplayan argentinalı futbolçu təkcə vurduğu qollarla deyil, qeyri-adi istedadı, çətin həyat yolu və ziddiyyətli xarakteri ilə də yaddaşlarda qalıb. Dünən, noyabrın 25-də onun vəfatından altı il ötüb.
1960-cı il oktyabrın 30-da Argentinanın Buenos-Ayres şəhərində dünyaya gələn Diego Armando Maradona kasıb ailədə böyüyüb. Futbola marağı hələ uşaqlıqdan yaranıb. İlk futbol topunu üç yaşında hədiyyə alan Maradona qısa müddətdə bacarığı ilə diqqət çəkməyə başlayıb. Cəmi 15 yaşında peşəkar futbolda debüt edən gənc oyunçu sonradan dünyanın ən tanınmış futbolçularından birinə çevrilib.
Maradonanın karyerasında ən parlaq səhifə isə 1986-cı ildə Meksikada keçirilən dünya çempionatı olub. Argentina millisinin kapitanı olan futbolçu komandasını dünya çempionluğuna aparıb. Həmin turnirdə onun İngiltərəyə vurduğu iki qol futbol tarixinin ən çox müzakirə edilən epizodları sırasına daxil olub.
İlk qol sonradan “Tanrının əli” adı ilə məşhurlaşıb. Maradona topu əli ilə rəqib qapısına göndərsə də, hakimlər bunu qeydə almayıb. Oyundan sonra futbolçu qolun “bir az Maradonanın başı, bir az da Tanrının əli” ilə vurulduğunu deyib.
Cəmi dörd dəqiqə sonra isə o, futbol tarixinin ən möhtəşəm qollarından birinə imza atıb. Öz meydanından başladığı hücum zamanı bir neçə rəqib oyunçunu geridə qoyaraq qapıya göndərdiyi top sonradan “Əsrin qolu” adlandırılıb. Həmin qarşılaşmada Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edib.
Maradonanın şöhrəti yalnız milli komanda ilə məhdudlaşmayıb. İtaliyanın “Napoli” klubunda çıxış etdiyi illərdə şəhər sakinlərinin sevimlisinə çevrilib. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə İtaliya çempionluğunu qazanıb. Napoli azarkeşləri üçün Maradona sadəcə futbolçu deyil, şəhərin simvollarından biri olub.
Ancaq onun həyatı yalnız qələbələrdən ibarət deyildi. Futbol meydanındakı qeyri-adi istedadı şəxsi həyatındakı problemlərlə müşayiət olunurdu. Narkotik asılılığı, sağlamlıq problemləri və müxtəlif qalmaqallar karyerasının sonrakı mərhələlərinə təsir göstərib. Buna baxmayaraq, Maradonanın futbola verdiyi töhfə onun haqqında müzakirələrin əsas mövzusu olaraq qalıb.
1997-ci ildə peşəkar futbolçu karyerasını başa vuran Maradona daha sonra məşqçi kimi fəaliyyət göstərib və 2008-2010-cu illərdə Argentina millisinə rəhbərlik edib.
2020-ci il noyabrın 25-də isə futbol dünyası ağır itki ilə üzləşib. Beyin əməliyyatından sonra bərpa dövründə olan Maradona 60 yaşında ürək tutması nəticəsində vəfat edib. Onun ölümü Argentinada və dünyanın müxtəlif ölkələrində milyonlarla futbolsevəri kədərləndirib.
Maradona artıq yaşıl meydanlarda olmasa da, adı futbol tarixinin ən yaddaqalan səhifələrində yaşayır. Bəziləri onu “Tanrının əli” ilə, digərləri isə İngiltərə müdafiəçilərini geridə qoyduğu möhtəşəm qolla xatırlayır. Amma bir həqiqət dəyişmir: Diego Maradona futbolu sadəcə oynayan deyil, onu izləyənlərin yaddaşında xüsusi yerə çevirən simalardan biri idi.
Fatimə Hüseynova