Tarixi Günəş tutulmasına saatlar qalıb:Minlərlə insan xüsusi eynək almaq üçün növbəyə düzülüb
Böyük Britaniya və Avropa tarixi Günəş tutulmasına hazırlaşarkən minlərlə insan xüsusi eynəklər almaq üçün tələsir.
Böyük Britaniyada və Avropanın bəzi bölgələrində milyonlarla insan 1999-cu ildən bəri ən əhəmiyyətli Günəş tutulmasına hazırlaşır. Böyük Britaniyanın əksər hissəsində Ay Günəşin 90%-dən çoxunu örtəcək. İslandiya və İspaniyanın bəzi bölgələrində isə nadir tam Günəş tutulması müşahidə olunacaq. Londonda bir mağaza sahibi xüsusi tutulma eynəklərindən 26 000 cüt satdığını bildirib. Kardiffdə bir qadın bir cüt eynəyə 20 funt sterlinq ödəyib. Qlazqoda da eynəklərə böyük tələbat yaranıb. Böyük Britaniyada tutulmanı 18:00-dan (BST) az sonra müşahidə etmək mümkün olacaq. Tutulma təxminən bir saat sonra maksimum həddə çatacaq. Tutulmanın trayektoriyası Rusiyanın Sibir bölgəsindən başlayacaq, daha sonra ABŞ-nin Alyaska ştatına keçəcək. Bu, yerli vaxtla təxminən 07:30-da (BST ilə 16:30) baş verəcək. Daha sonra tutulma Qrenlandiyaya və Avropaya doğru hərəkət edəcək. Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusi qoruyucu vasitə olmadan Günəşə birbaşa baxmaq olmaz. İrlandiyalı alimlərdən ibarət bir qrup Günəş tutulmasını Atlantik okeanı üzərindən təyyarə ilə izləyərək Günəşin tacını (koronasını) araşdıracaq.
Güllər Gülhüseynova