00:00:00
Yazar
Admin User
08.11.2025 17:21 151 3 dəq oxuma
Siyasət

Tarixi Zəfər dünya mediasında

Tarixi Zəfər dünya mediasında

Azərbaycan xalqının uzun illər həsrətini çəkdiyi torpaqların azad olunması ilə qazanılan Tarixi Zəfər müasir tariximizdə ən böyük qürur və birlik simvoluna çevrilib. 2020-ci ilin payızında qazanılan Qələbə Cənubi Qafqazın siyasi mənzərəsini dəyişdirərək bölgədə yeni reallıqlar yaradıb. Azərbaycanın hərbi qüdrəti, siyasi iradəsi və xalqın birliyi bu zəfərin əsas dayaqları olub. Bu hadisə tariximizdə mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. 

 

Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə sosial media hesablarında “Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” sözləri ilə videoçarx paylaşıb. 

 

Xatırladaq ki, 2020-ci il noyabrın 6-da prezidentin BBC News-a verdiyi müsahibədə də jurnalist tərəfindən səsləndirilən “senzura” və “müxalifətin sıxışdırılması” kimi uydurma ittihamlara prezidentin kifayət qədər aydın şəkildə cavab verməsi və Qərbin “ikili standartlarına” işarə etməsi sosial şəbəkə istifadəçilərinin xüsusilə diqqətini çəkib.

 

Tarixi Zəfərlə bağlı Bakı Dövlət Universitetinin müəllimi, "Müasir İnkişaf" İctimai Birliyinin sədri,  siyasi şərhçi Mübariz Göyüşlü “İnformator.az”a açıqlamasında bildirib ki, Tarixi Zəfər Azərbaycan üçün böyük dönüş nöqtəsi olub:

 

“Bu çox böyük bir hadisədir. Azərbaycan tarixinin son otuz ilində, bəlkə də son yüz ilində əldə olunan çox möhtəşəm bir qələbədir, tarixi andır. Təbii ki, belə bir hadisə çox böyük bir dönüş nöqtəsi deməkdir. Biz məğlub xalq durumundan qalib, diktə edən bir dövlətə çevrildik. Bu bizim, xüsusən Azərbaycan kişisinin alnında bir ləkə idi və biz bu ləkəni şəhidlərimizin, qazilərimizin sayəsində sildik. Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında bu qalibiyyəti qazandıq. Xalqımızın həyatında 44 günlük müharibədən sonra böyük bir dönüş nöqtəsi, böyük bir tarixi an başlayıb. Azərbaycan regionda da, dünyada da kifayət qədər əhəmiyyətli bir dövlətə, oyunçuya çevrilib və oyun qaydalarında da, geosiyasi proseslərdə aktiv bir tərəfə çevrilib.

 

Azərbaycan ordusu, onun komandanlığı, zabit, gizir heyəti, əsgərləri, hərbi-texniki imkanları bu qalibiyyətin əldə edilməsində əsas aparıcı istiqamət idi. Təbii ki, xalqın orduya dəstəyi, illərdir hazırlanan ordunun peşəkarlığı və bizim Azərbaycan xalqının otuz il ərzində yığılan enerjisi, qisas hissi bu zəfərin əldə olmasında çox böyük rol oynayıb. Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat, taktiki, strateji davranışları, peşəkarlığı, qəhrəmanlığı, vətənpərvərliyi dünya üçün bir nümunə oldu. Dünya hərbi tarixi üçün bir yenilik olub. Azərbaycan ordusu yüksək səviyyəli bir hərbi proses aparıb”.

 

Ekspert qeyd edib ki, gələcək nəsillər bu məsələlərə daha həssas və diqqətli yanaşacaqlar:

 

“Bu zəfər Cənubi Qafqazın və bütövlükdə dünyada geosiyasi durumun dəyişməsinə çox ciddi təsir edib. Azərbaycan güclü dövlət idi. Bundan sonra isə Azərbaycan Cənubi Qafqazı diktə edən tərəfə çevrilir. Azərbaycan Cənubi Qafqazın sabitliyindən və təhlükəsizliyindən cavabdeh bir dövlət kimi çıxış etməyə başlayır. Əgər Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq, eyni zamanda Mərkəzi Asiya türk xalqları arasında da çox aktiv şəkildə proseslərdə iştirak edir. Azərbaycan Türkiyə ilə birgə ətraf regionda, Yaxın Şərqdə və digər bu kimi münaqişəli, problemli yerlərdə çox aktiv bir rol alır. Cənubi Qafqaza İlham Əliyevin liderliyi nəticəsində gələn sülh Cənubi Qafqazı bir sabitlik məkanına çevirməkdədir. Artıq Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan qismində üçlü formatda əməkdaşlıq və birgə fəaliyyətlərdən danışılır. Bu məsələdən sonra üç Cənubi Qafqaz ölkəsi və qonşu ölkələrlə birgə əməkdaşlıq formatlarından danışılır. Bunlar hamısı reallıqlardır, yeniliklərdir və gələcək üçün çox ciddi müsbət perspektivlər vəd edən məsələlərdir.

 

Biz bu illərlə davam edən ağır problemi gələcək nəsillərə qoymadıq, həll etdik. Bundan çox ciddi dərs çıxarılmalıdır, nəticə çıxarılmalıdır. Hesab edirəm ki, gələcək nəsillər bu məsələlərə daha diqqətli və həssas yanaşacaqlar, bundan dərs çıxaracaqlar. Belə bir problemlə bir daha Azərbaycanın, xalqımızın, dövlətimizin qarşılaşmaması üçün erməni terrorizmi faktorunu və bu kimi məsələləri diqqət alacaqlar. Azərbaycanı daha güclü və daha üstün mövqelərə çıxaracaqlar”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər