00:00:00
Yazar
Admin User
08.09.2023 17:53 415 2 dəq oxuma
Dünya

TAXIL İDXALINA QOYULAN QADAĞA UZADILIR

TAXIL İDXALINA QOYULAN QADAĞA UZADILIR

   Avropa İttifaqının 5 ölkəsi Ukraynadan taxıl idxalına qoyulan qadağanın müddətini uzatmaq istəyir. Məhdudiyyətlərin uzadılma səbəbi kimi ölkələrindəki ərzaq böhranı əsas gətirilsə də, bunun siyasi xarakter daşıdığı ilə bağlı məlumatlar dolaşır.

  Avropa İttifaqı Ukraynaya tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağa çalışdığı vaxtda Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya buna qarşıdır. Sözügedən ölkələr sentyabrın 15-dən sonra Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətin ilin sonunadək uzadılmasını istəyirlər. Bildirilir ki, Ukraynadan gələn ucuz məhsullar ölkədə aqrar sahənin inkişafı və daxili bazara təsir edir. Nəticədə həm ölkə iqtisadiyyatı, həm də fermerlər zərər görür. Ancaq məsələnin siyasi təsirləri ilə bağlı iddialar da var. Belə ki, Polşada tezliklə seçki keçiriləcəyindən Varşava fermerlərin etirazını istəmir. Bundan əvvəl İttifaq, ölkələrin narahatlığını nəzərə alaraq bir müddət Ukrayna kənd təsərrrüfatı məhsullarına qadağa tətbiq edilməsinə razılaşmışdı. Hazırda isə Avropa İttifaqı və üzv ölkələr arasında fikir ayrılıqları yaşanır. Fransa və Almaniya kimi bir çox ölkə Ukraynanın maraqlarını önə çəkirlər. Siyasi şərhçi Oqtay Qasımov bu məsələnin Avropa İttifaqı ilə qeyd olunan ölkələr arasında müzakirə mövzusu olduğunu deyir. Bildirir ki, bunun aradan qaldırılmasının bir yolu da o ola bilər ki, həmin ölkələrin narahatlıqları nəzərə alınsın və həmin ölkələrdə fəaliyyət göstərən fermerlərə bu qərarın dəyə biləcək zərərləri müəyyən qədər kompensasiya edilsin. “Bəlkə, elə olduğu halda bir formada razılaşma olar, əks halda qeyd etdiyimiz kimi bəzi ölkələr artıq fərdi səviyyədə, milli səviyyədə bununla bağlı qərar qəbul edəcəklərini açıqlayıblar artıq”.

  Avropa İttifaqı Rusiya-Ukrayna savaşı başlayandan Ukraynanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının ixracında yaranan problemlərin aradan qaldırılmasına dəstək olub. Ukrayna məhsullarının Birliyə daxil olan ölkələrə satışı isə görünür, təkcə Rusiyanı deyil, eyni zamanda bəzi Şərqi Avropa ölkələrini də narahat edib. Taxıl dəhlizi ilə bağlı mövqeyini rəsmi Moskva Rusiya və Türkiyə dövlət başçılarının Soçi görüşündə bir daha açıqladı. Həmçinin 1 milyon ton Rusiya taxılının Türkiyədə üyüdülüb Afrikanın kasıb ölkələrinə göndərməklə bağlı razılaşma da onu göstərir ki, dəhlizin bərpasına hələ zaman var.

   Qeyd edək ki, Polşa, Macarıstan və Slovakiya Ukrayna taxılının idxalına müvəqqəti qadağa qoyandan sonra Bolqarıstan bu cərgəyə qoşulub. Bolqarıstan hökuməti bildirib ki, qərar 2022-ci ildə ölkədə fermerlərin məhsullarının satışında yaranan problem və qida zəncirlərinin pozulması səbəbindən verilib.

LƏMAN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər