00:00:00
Yazar
Admin User
03.12.2025 15:18 105 2 dəq oxuma
Siyasət

Tbilisi-Moskva xəttində gərginlik artır: "Gürcüstan “qırmızı xətt”i açıqladı"

Tbilisi-Moskva xəttində gərginlik artır: "Gürcüstan “qırmızı xətt”i açıqladı"

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, rəsmi Tbilisi ölkənin ərazi bütövlüyü məsələsində heç bir halda güzəştə getməyəcək. Onun sözlərinə görə, bu mövzu Gürcüstan üçün “qırmızı xətt”dir və müzakirə predmeti ola bilməz.

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında qeyd edib ki, Gürcüstan postsovet məkanında Qərbə inteqrasiya xəttini ən erkən seçən ölkələrdən biri olub.

 

Onun sözlərinə görə, Tbilisi ilə Moskva arasında siyasi dialoqun bərpası yalnız bir şərtlə - Gürcüstanın ərazi bütövlüyünün tam təmin olunması ilə mümkündür:

 

“Rusiya Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyır və Gürcüstan tələb edir ki, Moskva bu addımdan imtina etsin. Əks halda diplomatik münasibətlərin bərpası qeyri-mümkündür. Lakin Rusiya bu mövqe dəyişməsinə meylli görünmür. Hətta son günlərdə Rusiya XİN Gürcüstanın bu tələbini açıq şəkildə qəbuledilməz adlandırdı".

 

Siyasi şərhçinin fikrincə, Tbilisi Moskva ilə yaxınlaşmadan gözlədiyi nəticəni görmədiyi təqdirdə yenidən Qərbə inteqrasiyanı sürətləndirə bilər:

 

“2008-ci ildə Buxarest Zirvəsində Gürcüstanın NATO-ya qəbul ola biləcəyi açıqlanandan sonra ölkənin əraziləri işğal olundu. Uzun illər Gürcüstan Qərbə yaxınlaşmağa çalışdı, lakin gözlənilən nəticəni əldə etmədiyi üçün daha sonra Rusiya ilə münasibətlərin yumşaldılması xəttinə üstünlük verdi. İndi isə aydın olur ki, bu istiqamət də nəticə vermir".

 

Abutalıb Səmədov hesab edir ki, Tbilisi yaxın perspektivdə xarici siyasət kursunda dönüş edə bilər:

 

“Rusiya mövqeyini dəyişməzsə, Gürcüstanın yenidən Qərbə yaxınlaşmaq siyasətinə qayıtması yüksək ehtimaldır. Bu isə region üçün mühüm geosiyasi hadisə olacaq. Prosesin nə vaxt başlayacağı və Tbilisinin nə cür addım atacağı yaxın günlərdə daha aydın görünəcək",-deyə o, sözlərini yekunlaşdırıb. 

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər