Tehran–Bakı münasibətləri
İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycanla münasibətlərin gücləndirilməsinin vacibliyini bəyan edib. O bildirib ki, iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi yaxşı qonşuluq siyasətinin əsas prioritetlərindən biri olmalıdır.
Nazirin sözlərinə görə, iqtisadi və ticarət əlaqələrinin inkişafı, tranzit və nəqliyyat marşrutları üzrə əməkdaşlığın genişləndirilməsi, eləcə də siyasi dialoqun intensivləşdirilməsi tərəflər üçün qarşılıqlı fayda yaradır. Abbas Əraqçi həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlığın xalqlar arasında etimadın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, Bakı Tehrandan gələn bu cür mesajlara daim müsbət reaksiya verib:
“İranın islahatçı qanadını təmsil edən siyasətçilər hər zaman Azərbaycanla əməkdaşlıqda maraqlı olub. Pezeşkian və onun komandası da bu siyasəti davam etdirir. İndi İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycanla münasibətləri gücləndirməkdən danışarkən həmin siyasi xəttə sadiqliyini göstərir. Təbii ki, rəsmi Bakı Tehrandan gələn bu cür mesajlara daim müsbət reaksiya verib. Amma münasibətləri daha da inkişaf etdirmək üçün İran öz daxilində mübarizə aparmalıdır. Çünki İrandakı mühafəzakar qruplar Azərbaycanla münasibətlərin inkişafında maraqlı deyil. İki ölkə əlaqələrinin perspektivi isə İranın daxilində mühafizəkarlarla islahatçılar arasında gedən mübarizənin nəticəsində məlum olacaq”.
Aydan Əsgərxanlı
