Tehran danışıqlardan imtina edir: Regionda yeni təhlükəsizlik balansı formalaşa bilər
“İranın ABŞ ilə danışıqlar aparmaq niyyəti yoxdur”-bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müavini Məhəmməd Moxber yerli televiziyaya müsahibəsində bildirib. ABŞ ilə dialoq üçün heç bir əsasın olmadığını bildirən Məhəmməd Moxberin sözlərinə görə, amerikalılara etimadları yoxdur.O, 1980-1988-ci illəri əhatə edən İran-İraq müharibəsinə işarə edərək, müharibəni istənilən qədər davam etdirə biləcəklərini bəyan edib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Tehran bu açıqlaması ilə göstərmək istəyir ki, ölkə uzunmüddətli təzyiqə, sanksiyalara və hərbi təhlükələrə baxmayaraq geri çəkilməyəcək :
“İran rəhbərliyinin 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsinə istinad etməsi əsasən, siyasi və psixoloji mesaj xarakteri daşıyır. Həmin müharibə İran siyasi diskursunda “müqavimət” və “davamlılıq” simvolu kimi təqdim olunur. Bu müqayisə ilə Tehran göstərmək istəyir ki, ölkə uzunmüddətli təzyiqə, sanksiyalara və hərbi təhlükələrə baxmayaraq geri çəkilməyəcək və strateji dözümlülük nümayiş etdirə bilər. Başqa sözlə, bu istinad həm daxili auditoriyanı səfərbər etmək, həm də beynəlxalq aktorlara İranın uzunmüddətli qarşıdurmadan çəkinmədiyi mesajını vermək məqsədi daşıyır”.
Müsahibin sözlərinə görə, dialoqdan imtina bəyanatları ABŞ və müttəfiqləri ilə münasibətlərdə gərginliyin davam edəcəyini göstərir və bu, sanksiya siyasətinin daha sərtləşməsi riskini artırır:
“Eyni zamanda “İranı parçalamaq istəyirlər” kimi iddialar regionda təhlükəsizlik diskursunu daha da sərtləşdirir və tərəflər arasında etimadsızlığı dərinləşdirir. Bu narrativ İranın öz təhlükəsizlik strategiyasını daha çox hərbi çəkindirmə, regional tərəfdaşlıqlar və qeyri-ənənəvi təhlükəsizlik mexanizmləri üzərində qurmasına gətirib çıxara bilər ki, bu da Yaxın Şərqdə yeni təhlükəsizlik balansının formalaşmasına təsir edən amillərdən birinə çevrilir”.
Zəri Bayramlı
