Tehran mövqeyini sərtləşdirə bilər
Ermənistan və İran xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Arakçı arasında telefon danışığı olub. Danışıq zamanı Arakçı bildirib ki, Zəngəzur dəhlizi regionun geosiyasi balansını dəyişməməli, İranın kommunikasiya yollarına çıxışı məhdudlaşdırılmamalıdır və ölkələrin suverenliyi qorunmalıdır. O, dəhlizə qarşı açıq şəkildə etiraz etməyib, yalnız İranın maraqlarının təmin olunmasının vacibliyini vurğulayıb.
“İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, bu mövqe İran dini liderinin müşaviri Əli Əkbər Vilayətinin sərt bəyanatlarından fərqlənir. Ekspert hesab edir ki, İranın yanaşması qismən Rusiyanın mövqeyindən asılı olsa da, Moskva bu məsələdə Tehrana dəstək vermir:
“İran dövlətçiliyinin əsas prinsipi bölgədə hər hansı sərhəd dəyişikliyinin əleyhinə olmaqdır. Hazırda Tehran dəhlizi tamamilə rədd etmir, amma öz maraqlarının təminini şərt kimi irəli sürür. Əgər gələcəkdə İranın sərt reaksiyasını görsək, bu, yeni qarşıdurma ehtimalının artdığı anlamına gələcək”.
Ayan Əsgərova