00:00:00
Yazar
Səmayə Səftərova
21.10.2026 21:49 21 2 dəq oxuma
Siyasət

Tehran zənginləşdirilmiş uranın İrandan çıxarılmayacağını bəyan edib
 

Tehran zənginləşdirilmiş uranın İrandan çıxarılmayacağını bəyan edib

İran zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmayacağını bəyan edib. Bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirlə görüşündə bildirib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az" saytına açıqlamasında bildirib ki, İran bu mövzu ətrafında dünyaya təsir göstərməyə çalışır və uranın zənginləşdirilməsindən imtina etməyəcəyini nümayiş etdirir:

 

"İranın zənginləşdirilmiş uranı ölkədən çıxarmağa razılıq verməyəcəyi onsuz da bəlli idi. Düzdür, müxtəlif dövrlərdə, xüsusilə, İran üçün kritik məqamlarda Tehran müəyyən güzəştlərə getməyə razılıq verib. Lakin sonradan İran özünə inam qazandı və bu məsələdə şərtlərini sərtləşdirdi. Əvvəlki dövrlərdə amerikalılar daha çox zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını və ya onun zənginləşdirilmə faizinin azaldılmasını təklif edirdilər. Lakin artıq İranın Rusiya və digər dövlətlərdən açıq və gizli dəstəyinin artması, mövqeyinin güclənməsi müşahidə olunur. Bu da məsələnin fərqli istiqamətə yönəlməsinə səbəb olub".

 

Müsahib bildirir ki, İran hətta bəzi hallarda məsələni müzakirə etməkdən belə imtina edir və bunu öz daxili işi hesab edir:


"Hesab edir ki, bu məsələni ABŞ ilə müzakirə etmək düzgün deyil, zənginləşdirilmiş uran məsələsi danışıqlar masasında yer almır.İran bu mövzu ətrafında dünyaya təsir göstərməyə çalışır və uranın zənginləşdirilməsindən imtina etməyəcəyini nümayiş etdirir. İran zənginləşdirdiyi uranın yeganə sahibidir və bu məsələ ilə bağlı qərarlarını gələcək hadisələrin gedişinə uyğun şəkildə verəcək.!İranın bu məsələnin müzakirəsindən imtina etməsi və onu özünə aid hesab etməsi vəziyyətin fərqli mərhələyə keçdiyini göstərir. Artıq İran ABŞ ilə digər məsələləri müzakirə etməyi təklif edir. Bunlara dondurulmuş vəsaitlərin azad edilməsi, ABŞ qoşunlarının regiondan çıxarılması, Hörmüz boğazı ilə bağlı məsələlərdə İranın hüquqlarının tanınması və digər məsələlər daxildir. Hazırda ABŞ ilə danışıqlarda müəyyən fasilə var. Danışıqlar yenidən davam edərsə, ehtimal ki, bu məsələyə də qayıdacaqlar".


Müsahib vurğulayıb ki, Yaxın Şərqdə təhlükəsizlik məsələlərinə və İranın region dövlətləri ilə münasibətlərinə gəldikdə isə, əvvəllər regionda ABŞ-nin müəyyən təhlükəsizlik kölgəsi mövcud idi:

 

" Lakin bu sistem ciddi şəkildə zədələnib. ABŞ region dövlətlərinə kifayət qədər dəstək göstərə bilmir və öz bazalarını qoruya bilmir. Əslində, regionda yeni təhlükəsizlik arxitekturası formalaşır və təhlükəsizliyin region dövlətləri vasitəsilə təmin olunması məsələsi açıq şəkildə gündəmdədir. Son vaxtlar Məkkə razılaşması və digər məsələlər də bu kontekstdə nəzərdən keçirilir. İran regionda nüfuza malikdir və ABŞ ilə bir çox məsələlərdə razılaşmır. Dəfələrlə bildirilib ki, ABŞ və ya İsrail İrana hücum edəcəyi təqdirdə, Tehran da ABŞ-nin regiondakı obyektlərinə hücum edəcək".


Səmayə Səftərova

 

 

#İran #uran #Möhsün Rzayi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər