Tələbə mübadiləsinin akademik və mədəni əhəmiyyəti
Erasmus mundus join master's degree və digər beynəlxalq tələbə mübadiləsi proqramları tələbələrə fərqli ölkələrdə təhsil alma, yeni mədəniyyətlər tanıma və akademik biliklərini genişləndirmə imkanı yaradır. Bu proqramlar gənclərin dünyagörüşünü artırmaq və gələcək karyera imkanlarını zənginləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov "İnformator.az"a bildirib ki, tələbə mübadiləsi eyni zamanda universitet müəllimlərinin mübadiləsi universitetlər və tələbələrin inkişafı üçün çox önəmli təsirə malikdir:
"Tələbələr bakalavr təhsili müddətində bir semestr və ya bir il başqa bir ölkəyə gedərək orada təhsil aldıqlarında hər iki universitetin təhsil mühitini görmək imkanı əldə edirlər.
Bu zaman onlar universitetlərin təhsil səviyyəsini müqayisə edə, sosial mühiti görə bilir, fərqli mədəniyyətlərlə tanış olur və fərqli dilləri daha yaxından öyrənmə şansı qazanırlar. Bütün bunlar tələbənin bir vətəndaş və həmçinin dünya vətəndaşı kimi inkişafında önəmli töhfə verir".
Ekspert əlavə edib ki, ona görə də Erasmus və ya buna bənzər tələbə mübadiləsi proqramları, məsələn, Türkiyə ilə olan Mövlana proqramı tələbələrin inkişafına böyük təsir göstərir:
"Akademik baxımdan tələbələr daha inkişaf etmiş universitetlərin və ölkələrin təhsil mühitini görür, universitetlərin təhsil səviyyəsini və müəllimlərin infrastrukturunu müşahidə edirlər. Bununla tələbə bakalavrı bitirdikdən sonra hansı ölkəyə, hansı universitetə magistraturaya gedə biləcəyini və hansı ölkələrin staj proqramlarına qoşula biləcəyini daha yaxşı başa düşür.
Mədəni baxımdan isə tələbə mübadiləsi proqramına qoşulan insanlar daha çox multi-kultural olur, fərqli mədəniyyətləri tanıyır və onlara qarşı daha tolerant yanaşma nümayiş etdirirlər".
Türkan Kərimli
