00:00:00
Yazar
Admin User
12.11.2025 16:48 143 2 dəq oxuma
Siyasət

Tokayevlə planlar hazırlayacağıq

Tokayevlə planlar hazırlayacağıq

 

Qasım-Jomart Tokayevin iki günlük dövlət səfəri zamanı ortamüddətli əməkdaşlıq planlarını müəyyən edə biləcəyik. Bunu Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı ilə görüşündən danışarkən deyib.

 

“Biz qeyri-rəsmi şəraitdə bütün vacib məsələləri müzakirə edəcəyik, ikitərəfli münasibətlərimizin gündəliyini nəzərdən keçirəcəyik və gələcəyə baxacağıq. Düşünürəm ki, cari ili uğurla başa vuracağıq və yaxın, eləcə də uzunmüddətli perspektiv üçün planlar hazırlayacağıq”, – deyə Putin bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Hikmət Babaoğlu danışıb:

 

“Tokayevin atdığı qətiyyətli addımlar kontekstində, onun Moskva səfəri və Fransa prezidentinin Qazaxıstana səfəri çərçivəsində qəbul edilən qərarlar, şübhəsiz ki, Rusiyada müəyyən narahatlıq doğurur. Hazırkı mərhələdə Qazaxıstana qarşı təzyiq mexanizmlərinin əvvəlki kimi təsirli olmaması səbəbindən Moskva bu ölkəni əməkdaşlıq platformaları üzərindən öz orbitinə cəlb etməyə çalışır. Bu isə, Putinin də vurğuladığı kimi, orta müddətli perspektivdə hər iki tərəf üçün ciddi risklər yarada bilər. Çünki Qazaxıstanın atacağı radikal addımlar Rusiya tərəfindən də oxşar reaksiyalar doğura bilər.

 

Bununla belə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev prosesləri balanslı şəkildə idarə etməyi bacarır. Sovet İttifaqı məkanında Rusiyayla ən sıx əlaqələri olan ölkələrdən biri, Belarusdan sonra, məhz Qazaxıstandır. Qazaxıstan həm demoqrafik nisbət, həm də coğrafi mövqe baxımından Rusiya ilə yaxın bağlılığa malikdir. Belə şəraitdə yalnız ağıllı diplomatiya və düşünülmüş strategiya sayəsində Rusiya–Qazaxıstan münasibətlərində yeni nailiyyətlər əldə etmək mümkündür.

 

Orta müddətli əməkdaşlıq planları çərçivəsində Rusiya regionda iqtisadi baxımdan daha çevik davranmalıdır. Rusiya artıq texnoloji lider sayılmır və bu səbəbdən Qazaxıstanın inkişafı üçün Moskvanın təklif edə biləcəyi dividendlər məhduddur. Buna baxmayaraq, hər iki tərəf regional sabitliyə töhfə verə bilər. Bu da ilk növbədə Qazaxıstan və Rusiya Federasiyası arasındakı münasibətlərin sabit qalmasından asılıdır”. 

 

Politoloq son olaraq açıqlamasında qeyd edib ki, Moskva–Astana xəttində inteqrasiya məsələsinə gəlincə, bu proses iqtisadi və coğrafi baxımdan hər iki tərəf üçün faydalı ola bilər:

 

“Lakin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi logistika, kommunikasiya və iqtisadi blokadalar bu inteqrasiyanın yaxın perspektivdə tam reallaşmasına mane olur. Bütün hallarda, uzun sərhədləri və tarixi yaxınlığı olan iki qonşu kimi, Rusiya və Qazaxıstan arasında inteqrasiya perspektivləri qalmaqdadır”. 

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər