Tramp 2020 seçkiləri ilə bağlı əsas şəxsləri əfv edib
ABŞ-nin Prezidenti Donald Tramp 2020-ci il seçkiləri ilə bağlı səs-küylü qərar qəbul edib. O, həmin seçkilərin nəticələrinə etiraz prosesində və “seçki saxtakarlığını ifşa etmək” planında adı hallanan əsas fiqurları, o cümlədən Rudi Culiani, Sidni Pauell və Mark Medouzu əfv edib. Bu qərar həm siyasi dairələrdə, həm də ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bəziləri bunu ədalətin pozulması kimi dəyərləndirir, digərləri isə Trampın tərəfdarlarına qarşı “siyasi qisas”ın qarşısını alma addımı kimi görür.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə "İnformator.az"a açıqlamasında bildirib ki, 2020-ci il seçkilərində təbii ki, Donald Tramp elan edir ki, seçkilər saxtalaşdırılıb və bu prosesdə onun tərəfdarları mühüm rol oynayıblar:
"Bəzi şəxslər bu prosesdə Donald Trampa ciddi təsir göstəriblər. Göründüyü kimi, onların həbsi baş verib, lakin Donald Tramp artıq Prezident olduğuna görə onları əfv edib. Düşünmürəm ki, burada hər hansı hüquqi əsas var. Sadəcə olaraq, Donald Tramp Prezident olduğu üçün öz vəzifəsindən istifadə edərək onları əfv edib. Təbii ki, bu bir siyasi qərardır".
Politoloq vurğulayıb ki, 2020-ci il seçkiləri ilə bağlı proseslərdə Donald Tramp həmin seçkilərdən çox narazı idi və onları saxtalaşdırılmış elan etmişdi:
"Bu məsələ onun üçün həm hüquqi, həm də siyasi baxımdan önəmlidir. Onun xarici siyasətdə atdığı addımlar da, əsasən, şəxsi maraqlar üzərində qurulub. ABŞ-də bir çoxları bunu hüquqi cəhətdən mübahisəli adlandırırlar, amma bu, Donald Trampın mövqeyinə ciddi təsir göstərməyəcək. Həmçinin ehtimal edilir ki, o, növbəti seçkilərə özü qatılmayacaq, onun varisləri həmin siyahıda olacaq. Donald Tramp bu vəziyyətdə sadəcə olaraq öz tərəfdarlarını qorudu və onları əfv etməklə siyasi qərar verdi. Hazırda ABŞ-nin apardığı siyasət fonunda Donald Trampın bir çox beynəlxalq, iqtisadi və ticari sahədə atdığı addımlar onun ətrafında ciddi rəqabət formalaşdırır. Buna görə hesab edirəm ki, bu məsələ onun mövqeyinə ciddi zərbə olmayacaq".
Sura Əliyeva
