Tramp ABŞ-İran danışıqlarının həftəsonu davam edəcəyini bildirib
Tehran və Vaşinqton dialoqu davam etdirir və həftəsonu təmasların baş tutacağı gözlənilir.
"İnformator.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Arizona ştatının Finiks şəhərinə gəldikdən sonra mətbuat nümayəndələri ilə qısa söhbətində açıqlayıb.
"Danışıqlar prosesi davam edir. Həftəsonu da davam edəcək", - ABŞ lideri bildirib.
O, iki tərəfin mövqelərindəki fikir ayrılıqlarının hələ də mövcud ola biləcəyini etiraf edib.
"Bəlkə də bəziləri var – hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Əgər varsa, onları aradan qaldırmalıyıq. Lakin güman edirəm ki, çox əhəmiyyətli fikir ayrılıqları qalmayıb", - Ağ Ev rəhbəri bildirib və əlavə edib ki, Fars körfəzindəki İran dəniz limanlarının blokadası razılaşma əldə edildikdən sonra aradan qaldırılacaq.
Bununla belə, ABŞ lideri "ABC News"a ayrıca müsahibəsində İranla danışıqların İslamabaddan başqa yerdə davam etdirilməsi ehtimalını istisna edib.
"Danışıqlar yalnız İslamabadda baş tuta bilər. Mən kömək etməyən ölkələrə getməkdə maraqlı deyiləm. (ABŞ Prezidentinin xüsusi elçisi) Stiv Uitkoff, Cared Kuşner gedəcək və ola bilsin, (Vitse-prezident) Cey Di Vens, mən hələ bu barədə Cey Di ilə danışmamışam", - Tramp Amerika nümayəndə heyətinin mümkün tərkibi barədə şərh verib.