Tramp ABŞ-nin İrana yeni zərbə endirmə ehtimalını istisna etməyib
ABŞ Prezidenti Donald Tramp, ölkə rəhbərliyinin Vaşinqtonla razılığa gəlməyəcəyi və raket proqramını davam etdirəcəyi təqdirdə, İrana yeni zərbə endirilməsi ehtimalını istisna etməyib. Trampın sözlərinə görə, əgər ABŞ Silahlı Qüvvələri İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirməsəydi, Yaxın Şərqdə nizamlanmaya nail olmaq mümkün olmazdı.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, İran və ABŞ münasibətlərində gərginlik davam edəcəkdir:
"İran və ABŞ münasibətləri uzun illərdir ki, gərgin olaraq qalmaqda davam edir və 12 günlük müharibə bu vəziyyəti qısa müddətli, daha isti fazaya gətirib çıxardıb. Hazırda isə bu gərginliyin davam etməsi ABŞ və İsraili narahat edən nəticələri onların İrandan əldə edə bilməməsi ilə əlaqədardır. ABŞ və İsrailin əsas məqsədi İranın nüvə proqramını dayandırmaq və nüvə silahı əldə etməsinə mane olmaqdır. Nə qədər ki, buna nail olunmayıb, o qədər də İran və ABŞ münasibətlərində gərginlik davam edəcəkdir. Nəticə etibarilə, Yaxın Şərqdə sülhün təmin olunması tarix boyu çox mürəkkəb məsələ olub. Klassik mənada, Yaxın Şərq həm qarşıdurmaların, həm də ideyaların və səmavi dinlərin yarandığı, yayıldığı coğrafiya kimi özünəməxsus rəqabət yaradıb. Bu rəqabət Yaxın Şərq xalqları arasında bu gün də davam edir və ehtimal ki, gələcəkdə də belə olacaq".
Ekspertin sözlərinə görə, İran nüvə proqramından imtina etməlidir:
"1947-ci ilə qədər vəziyyət Yaxın Şərqdə indikindən daha sabit görünürdü. Hazırda isə bölgənin müxtəlif aktyorları təhlükəsizliklərini təmin etməyə çalışırlar ki, bu da çətin görünür. ABŞ və İran münasibətlərinin bir hissəsi də İran və İsrail münasibətləri ilə bağlıdır və bu münasibətlər uzun illərdir ki, gərgin olaraq qalır. Bölgədə vəziyyətin sabitləşməsi üçün, bir çox dünya ölkələrinin etdiyi kimi, İran da ya nüvə proqramından imtina etməli, ya da nüvə silahı proqramından uzaq durmalı, ya da dinc məqsədlərlə nüvədən istifadə üçün şəffaf mexanizm yaratmalıdır. İran isə bunu qəbul etmir. Buna görə də düşünürəm ki, bu gərginlik hələ uzun müddət davam edəcək".
Xədicə Məhərrəmli
