Tramp administrasiyası Çinli tələbələrin vizalarını aqressiv şəkildə ləğv edəcək
CNN — ABŞ Çinlə gərginliyin ciddi şəkildə artması fonunda Çinli tələbələrin vizalarının aqressiv şəkildə ləğv olunacağını elan edib, bu barədə Dövlət katibi Marko Rubio çərşənbə günü açıqlama verib. Bu qərar ABŞ-nin ali təhsil müəssisələrinə daha bir zərbə hesab olunur.
Bu plan Çinin güclü etirazına səbəb olub. Pekin cümə axşamı ABŞ-yə qarşı rəsmi etiraz notasını təqdim etdiyini və bu addımı “siyasi motivli və ayrı-seçkilik xarakterli” bir qərar adlandırdığını bildirib. Rubio-nun sözlərinə görə, vizaların ləğvi Çin Kommunist Partiyası ilə əlaqəsi olan və ya strateji sahələrdə təhsil alan tələbələri hədəf alacaq.
“Biz, həmçinin, Çin Xalq Respublikası və Honq Konqdan gələn bütün gələcək viza müraciətlərinin daha ciddi araşdırılması üçün viza meyarlarını yenidən nəzərdən keçirəcəyik", – deyə Rubio bildirib. O əlavə edib ki, Dövlət Departamenti və Daxili Təhlükəsizlik Departamenti bu viza ləğvləri üzərində birgə işləyəcək. Bu gözlənilməz açıqlama, ABŞ və Çin arasında gərginliyi azaltmağa yönəlmiş səyləri poza bilər. Qeyd edək ki, bu bəyanat hər iki ölkənin bir-birinin mallarına tətbiq etdiyi sərt tariflərə görə 90 günlük atəşkəs elan etməsindən cəmi bir neçə həftə sonra verilib. Bu addım, prezident Donald Tramp ilə ölkənin aparıcı universitetləri arasında dərinləşən qarşıdurmanı daha da alovlandırır.
CNN News
Fatimə Heydərova