Tramp administrasiyası Kiyevi dəstəkləyən əsas fiqurunu itirəcək
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq 2026-cı ilin yanvarında vəzifəsini tərk edəcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, Kelloqun istefasının Tramp administrasiyasının Ukrayna siyasətinə praktik təsir göstərəcəyini düşünmür:
“Çünki artıq iki gündür Qərb mətbuatında bu mövzu ətrafında qızğın yazılar, müzakirələr gedir. Bilirsiniz ki, oktyabr ayında Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Mayamida Utkovla görüşüb və 28 bəndlik yeni bir layihə ortaya çıxıb. Hazırda əsas danışıqları Dmitriyev və Utkov aparırlar. Bu gün ABŞ-nin dövlət katibi Mark Rubio da təsdiq edib ki, belə bir saziş hazırlanır. Hətta ehtimal var ki, dekabrın əvvəlinə kimi onun müzakirəsi tamamlanıb tərəflərə təqdim olunsun. ATƏT-in indiki rəhbəri də bildirib ki, Avropa və Ukrayna bu sazişə razı olmayacaq, çünki sənəd Rusiyanın xeyrinə hazırlanmış kimi görünür. Buna görə də düşünmürəm ki, Kelloqun istefası bu prosesə ciddi təsir göstərsin. Yəqin ki, Kelloq ona görə istefa verir ki, o, Tramp administrasiyasında Ukraynanın maraqlarını davamlı şəkildə təmsil edən şəxslərdən biri idi. Tramp administrasiyasında isə Utkovun və ümumilikdə Moskvanın məqsədi məsələnin tezliklə həll olunmasıdır. Son dövrlər Rusiyanın cəbhə xəttində irəliləyişləri, Ukraynada baş verən “Kaxovskaya” qalmaqalı və digər hadisələr prosesə təsir göstərir. Tramp istəyir ki, Moskvanın maraqlarını da nəzərə almaqla müharibə tezliklə bitirilsin. O, dəfələrlə bildirib ki, Rus–Ukrayna müharibəsinin qurtarması onun üçün çox əhəmiyyətlidir və bu, onun reytinqini də artıra bilər. Bəs bu, Kiyev üçün hansı riskləri yaradır? Kiyev üçün risklər artıq yaranıb — həm cəbhə bölgəsində, həm də qeyd etdiyim kimi “Kaxovskaya” qalmaqalı ilə bağlı. ABŞ-nin əsas maraqlarının öz maraqları olduğu üçün Ukrayna hakimiyyəti üçün vəziyyət daha da çətinləşir. Artıq görünür ki, hazırkı Ukrayna hakimiyyəti 2022-ci ildən bəri ən dərin siyasi böhranını yaşayır. Hökumətin istefası, Zelenskinin ən yaxın adamı Yermakın istefası tələb olunur".
Qəmər Kazımzadə
