Tramp administrasiyası qaçqın qəbulunu məhdudlaşdırır
ABŞ administrasiyası 2026-cı maliyyə ili üçün ölkəyə qəbul ediləcək qaçqınların sayını 7 500 nəfərlə məhdudlaşdırmaq qərarına gəlib. Bu barədə oktyabrın 30-da Federal Reyestrdə rəsmi bildiriş dərc olunub.
Mövzu ilə bağlı politoloq Turan İrfan “İnformator.az”a bildirib ki, ABŞ prezidenti Donald Trampın bəzi qərarları ənənəvi demokratik qaydalardan yan keçir:
“Bu, təkcə Respublikaçılar Partiyasını deyil, ümumyyətlə Amerika əhalisinin əksəriyyətinin təəccübünə səbəb olur. İqri ayrıseçkilik qismində bu qərarın verilməsi gələcəkdə ABŞ-nin dünyaya aşıladığı demokratik dəyərlərə və verdiyi mesajlara xələl gətirə bilər. Qaçqınların qəbul edilməsinə qarşı ziddiyətli və əsas dövlət prinsipindən yan keçən, hətta konstitusiyaya uyğun olmayan qərarlar fəsadsız ötüşməyəcək. Qaçqın siyasətinə bu cür kəskin yanaşmaq, məhdudiyyət tətbiq edilməsi ABŞ-nin beynəlxalq imicinə və humanitar öhdəliklərinə də ziddir. Bu, beynəlxalq təşkilatların da etirazına səbəb ola bilər. Etnik, irqi meyarların önə çəkilməsi ölkə daxilində də siyasi, etnik gərginliyə səbəb olacaq. Vaxtilə qaradərililərə qarşı sərt yanaşmanın unudulmağa doğru getdiyi dövrdə yenidən bu tip qərarlar gərginliyi yenidən körükləyə bilər. Seçkiqabağı siyasi strategiya kimi seçilməsi isə uğursuz addımdır. Rəqiblərinə qarşı Tramp administrasiyasının bu vasitələrdən istifadə etməsi siyasi çaxnaşmalara və kütləvi sosial etirazlara gətirə bilər”.
Fatimə Hüseynli
