Tramp Azərbaycan-Ermənistan sülhünün əhəmiyyətini vurğulayıb
ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh prosesinin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, “Sülh Şurası”nın ilk iclasında çıxış edən Tramp Bakı ilə İrəvan arasında sülh gündəliyinin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, ABŞ prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini təqdir etməsi mövcud reallığın özündə əks etdirir:
"Təbii ki, bu, münasibətlərin tənzimlənməsi və inkişafında əhəmiyyətlidir. Həm Azərbaycan həm də Ermənistan ilə ABŞ-nin özünün də yeni münasibətlərə ehtiyacı var, burada qarşılıqlı maraqlar da rol oynayır ki, sülh prosesi bunun üçün də zəruridir. Hər bir halda bu sülhün əsas tərəfi Azərbaycandır və əsas rol da bu ölkədədir. Çünki torpaqları uzun müddət işğalda qalan məhz Azərbaycan olub. ABŞ-nin sülh gündəliyinə dəstək bəyanatı Cənubi Qafqazda sülh və sabitliyin davamlı olmasına, diplomatik əlaqələrin inkişafına müsbət təsir edəcək. Ümumiyyətlə Azərbaycanın ABŞ ilə sıx əlaqələri həm regional məsələlərdə həm də dünyada sülhün təmin olunası üçün öz müsbət təsirini göstərəcək. Çünki sülh mövzusunda Azərbaycan təcrübəli dövlətdir və hazırda Ermənistanla arada davam edən prosesə liderlik edir. Təbii ki, ABŞ-nin də bunu təqdir etməsi və Azərbaycana böyük əhəmiyyət verməsi heç də təsadüfi deyil. Dövlət başçısı İlham Əliyevin təcrübəli lider kimi regional və beynəlxalq məsələlərdə də əhəmiyyətli rolu ola biləcəyini, mövcud problemlərin həllinə töhfə verə biləcəyini qəbul edən ABŞ prezidenti şübhəsiz ki, bu mənada Azərbaycanın rolunu hər zaman etiraf edir".
Gövhər Mehyəddinova
