Tramp: Belə davam etsə, Omanı da məhv edəcəyik
“Əgər sultanlıq İranla münaqişənin həllinə mane olarsa, ABŞ Omana zərbə endirəcək”.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib ki, İran-ABŞ müharibəsinin başlamasından bu yana cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, Amerika müharibəyə qarşıdır, müharibə etmək istəmir və bu qarşıdurmanı əsasən İsrail sürükləyir:
"Lakin bu gün vəziyyətin dəyişdiyini görürük. ABŞ artıq İsraildən estafeti öz üzərinə götürüb və İranı tamamilə zəiflətmək, yaxud ölkədəki vəziyyəti öz nəzarətinə almaq üçün bütün imkanlarından istifadə edir.
İlk növbədə, ABŞ burada öz strateji gücünü nümayiş etdirməyə çalışır. Vaşinqton Yaxın Şərqdə, xüsusilə də Körfəz ölkələri qarşısında hərbi və siyasi gücünü göstərmək istəyir. Təbii ki, ABŞ uzun müddətdir Yaxın Şərqdən müəyyən mənada çəkilmək və bölgədəki rolunu müttəfiqlərinə, xüsusilə də İsrailə ötürmək istəyir. Lakin bununla yanaşı, İsrail üçün gələcəkdə təhlükə yarada biləcək əsas regional güclərdən birini də zəiflətməyə çalışır. Bu baxımdan İran ABŞ üçün əsas hədəflərdən biridir.
ABŞ eyni zamanda İranı Yaxın Şərq və Körfəz ölkələri ilə birlikdə bir növ mühasirəyə almağa çalışır. Bu kontekstdə Hörmüz boğazı xüsusi əhəmiyyət daşıyır. ABŞ boğaz üzərində nəzarəti təmin etdiyini bəyan etsə də, faktiki olaraq oradakı gəmilərin hərəkətinə İran və SEPAH tərəfindən də müəyyən təsir göstərilir və bəzi hallarda gəmilərin keçidinin qarşısı alınır.
ABŞ tərəfi gəmilərin logistika və sığorta məsələlərinin təmin ediləcəyini bildirsə də, bu təminatların tam şəkildə reallaşmadığı halların şahidi olmuşuq. Hörmüz boğazından keçən bəzi gəmilərin İran tərəfindən saxlanılması da gərginliyin nə qədər yüksək olduğunu göstərir.
İranla Oman arasında əldə olunan razılaşmalar və İran gəmilərinin Oman üzərindən hərəkət imkanlarının qorunması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Oman burada İran üçün mühüm tranzit və siyasi imkanlardan biri olaraq qalır. İran həm iqtisadi, həm də strateji baxımdan Oman üzərindən təsir imkanlarını qorumağa çalışır.
ABŞ Prezidenti Donald Trampın Omanla bağlı sərt bəyanatları da məhz bu kontekstdə qiymətləndirilə bilər. ABŞ və Oman arasında münasibətlər uzun illər ərzində əsasən tərəfdaşlıq xarakteri daşıyıb. Bu baxımdan Vaşinqtonun Omana qarşı sərt ritorikası birbaşa düşmənçilikdən daha çox, ABŞ-ın regiondakı gücünü nümayiş etdirmək və tərəflərə təzyiq göstərmək cəhdi kimi görünür. Trampın siyasətində hədə-qorxu və sərt bəyanatlardan istifadə etməklə qarşı tərəfi geri addım atmağa məcbur etmək meyli dəfələrlə müşahidə olunub.
İranın daxilindəki vəziyyət də kifayət qədər mürəkkəbdir. Ölkə daxilində müharibənin davam etdirilməsini istəyən qüvvələrlə onun mümkün qədər tez başa çatmasını istəyənlər arasında fikir ayrılıqları mövcuddur. Xüsusilə SEPAH daxilində və İran siyasi sisteminin müxtəlif qanadlarında mövqelərin fərqlənməsi ölkədəki vəziyyətin heç də sabit olmadığını göstərir".
Əlavə olaraq politoloq bildirib ki, İran bir tərəfdən müharibəyə hazırlaşdığını nümayiş etdirir, digər tərəfdən isə ABŞ-nin son addımları Vaşinqtonun müharibəni başa çatdırmaqdan daha çox, hərbi qarşıdurmanın genişlənməsi ehtimalına hazırlaşdığını göstərir:
"Bu isə Tramp administrasiyasının daxili və xarici siyasətdəki imicinə də təsir göstərə bilər.
Burada əsas məsələ yalnız İranın Hörmüz boğazı ilə bağlı razılaşmaları deyil. İran daha çox Hörmüz boğazına və ümumilikdə Yaxın Şərqdəki təsir imkanlarını itirməkdən narahatdır. Oman kimi ölkələr vasitəsilə təsir imkanlarının qorunması Tehran üçün strateji əhəmiyyət daşıyır.
Bu səbəbdən İran üçün əsas narahatlıq Omanın bombalanması deyil, ABŞ-nin bölgədəki proseslərə tam şəkildə müdaxilə etməsi və İranın bu proseslərdə təsir imkanlarını itirməsidir. Tehran həm Omana elçilər göndərir, həm də ABŞ-ə qarşı sərt bəyanatlar səsləndirir.
Bütün bunlar göstərir ki, Trampın siyasətində əsas məqsədlərdən biri təzyiq və sərt ritorika vasitəsilə prosesləri öz nəzarətində saxlamaqdır. Lakin bu yanaşma həm iqtisadi, həm də siyasi baxımdan regionda gərginliyin daha da dərinləşməsinə səbəb olur".
Səadət Əlizadə