Tramp: BMT öz işini görsəydi, dünyada müharibələr olmaz
BMT-nin böyük potensialı var. Ümid edirəm ki, qurum, müharibələri təkbaşına dayandıra bilər. Əgər BMT həqiqətən öz işini görsə, müharibələr olmamalıdır”, - ABŞ prezidenti əlavə edib.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, bəzi hallarda BMT bu və ya digər ölkələrdə sabitləşdirici rol oynayıb, sülhməramlı missiyalar həyata keçirib:
"Ümumiyyətlə, BMT-nin fəaliyyəti, xüsusilə də son illərdə qənaətbəxş hesab olunmur. Bu, beynəlxalq ictimai rəyin ümumi yanaşmasıdır. 1945-ci ildə II Dünya müharibəsi bitdikdən sonra dünya ictimaiyyəti gələcəklə bağlı ciddi narahatlıq keçirirdi. Hər kəs anlayırdı ki, belə bir müharibənin yenidən baş verməsi ağır fəsadlara səbəb ola bilər. Buna görə də dövlətlər arasında münasibətlərin sülh yolu ilə tənzimlənməsi qarşıda duran əsas məsələlərdən biri idi. BMT-nin yaradılmasının əsas məqsədi də dövlətlərarası mübahisələrin dinc yollarla həllinə nail olmaq idi. Lakin çox təəssüf ki, yaradıldığı vaxtdan etibarən BMT-nin aktivində etnik, milli və ərazi zəmində baş vermiş münaqişələrin effektiv tənzimlənməsi ilə bağlı uğurlu təcrübə yoxdur. Bəzi hallarda BMT bu və ya digər ölkələrdə sabitləşdirici rol oynayıb, sülhməramlı missiyalar həyata keçirib. Amma ümumilikdə münaqişələrin effektiv tənzimlənməsi sahəsində BMT-nin fəaliyyətini uğurlu saymaq olmaz. Tramp da, görünür, bu reallıqlara əsaslanaraq fikirlər səsləndirib. Əslində, BMT-nin böyük potensialı var. Münaqişələrin həlli üçün əldə olunmuş razılaşmaların icrasına nəzarət etmək, zərurət yaranarsa güc tətbiq etmək və sanksiyalar qoymaq imkanları mövcuddur. BMT, sözsüz ki, dövlətlərarası məsələlərin tənzimlənməsində daha aktiv rol oynaya bilər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. Lakin bu qətnamələr sadəcə kağız üzərində qalıb. BMT onların icrası istiqamətində heç bir konkret addım atmayıb, Ermənistana təzyiq göstərməyə belə cəhd etməyib. Azərbaycan isə bu qətnamələrin icrasını öz gücü və iradəsi ilə təmin edib. Bir çox hallarda BMT-də ikili standartlar siyasəti müşahidə olunub. Məsələn, vaxtilə Liviya ilə bağlı qətnamə qəbul edildikdən cəmi bir neçə saat sonra NATO təyyarələri bu ölkəni bombalamağa başlayıb. Bu da göstərir ki, BMT bəzən öz qətnamələrinin icrasına istədiyi zaman dərhal və həssas reaksiya verə bilir. Ona görə də bu təşkilatda islahatların aparılması zəruridir. BMT-nin yaradılma missiyasına uyğun hərəkət etməsi və beynəlxalq hüquqa sadiq qalması qlobal təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biridir. Çünki hazırda dünyada münaqişə potensialı artır və dövlətlərarası silahlı qarşıdurmalar daha təhlükəli xarakter almaqdadır. BMT də bu reallıqdan çıxış edərək, öz fəaliyyətinə yeni baxış sərgiləməlidir. ABŞ Prezidenti də səsləndirdiyi fikirlərdə məhz bu məqamlara istinad edib. Eləcə də dünya liderlərinin əksəriyyətinin mövqeyi ondan ibarətdir ki, BMT daha fəal olmalı, dövlətlərarası münasibətlərin tənzimlənməsində daha təsirli addımlar atmalıdır. Təşkilat öz resurslarından daha düzgün və məqsədəuyğun istifadə etməlidir. Əgər bu baş verərsə, qlobal təhlükəsizlik mühiti keyfiyyətcə və əhəmiyyətli dərəcədə dəyişə bilər. Dünyadakı münaqişə potensialı azalar və mövcud, eləcə də potensial təhdidlərin aradan qaldırılması istiqamətində daha təsirli addımlar atmaq mümkün olar".
Səmayə Səftərova