Tramp bu gün Sülh Mükafatı alacaq
ABŞ mediası məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nin püşkatma mərasimindən əvvəl FİFA Sülh Mükafatını alacaq.
Bildirilib ki, Tramp bu gün paytaxt Vaşinqtonda keçiriləcək tədbir zamanı çıxış edəcək.
FİFA Sülh Mükafatı noyabrda təsis edilib. Tramp mükafatın ilk sahibi olacaq.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, dünyanın bəzi münaqişələrinin həllində Trampın mühüm rolu olub:
“Tramp, təbii ki, prezident olduqdan sonra bir sıra məsələlərdə diqqəti cəlb edən addımlar atır. Həqiqətən də dünyanın bəzi münaqişələrinin həllində rol alır. Amma eyni zamanda Nobel Sülh Mükafatı almaq istədiyini də bildirib. Dəfələrlə açıq şəkildə bunu ifadə edib. Ona görə də düşünürəm ki, təbii ki, onun komandası da maraqlıdır ki, o, istəyinə çatsın. Onsuz da yaşının elə vaxtdır ki, bu, bəlkə də sonuncu şansdır. Belə bir fürsəti əlbəttə əldə etmək istəyər. Hər halda, düşünürəm ki, çalışacaq, əlindən gələni edəcək ki, mükafatı alsın və yəqin ki, ona da komandası kömək edəcək, dəstək verəcək. Amma bunun gerçəkləşməsi nə qədər realdır, onu demək çətindir. Çünki hadisələr çox sürətlə inkişaf edir, dəyişir. O mükafatı almaq üçün ola bilsin, FİFA Sülh Mükafatını versinlər. Bu da mümkündür. Hər halda, Rusiya-Ukrayna savaşını da dayandırmaq niyyəti var. Bütün hallarda, Tramp belə bir mükafatı almağa layiq işlər görür. Təbii ki, onu istəyənlər də var, istəməyənlər də var. Amma hər halda, Trampın hazırda dünyada yeritdiyi siyasət daha çox münaqişələrin dayanmasına xidmət edir deyə bilərik. Ona görə də düşünürəm ki, bu mükafatı da ona verə bilərlər. Sadəcə olaraq, qlobal güclərin sonda verəcəyi qərar da, yəqin ki, burada həlledici olacaq”.
Lalə Qurbanlı
