00:00:00
Yazar
Admin User
05.12.2025 16:26 64 2 dəq oxuma
Siyasət

Tramp bu ölkələri də barışdırıb

Tramp bu ölkələri də barışdırıb

ABŞ-nin paytaxtı Vaşinqtonda Prezident Donald Trampın vasitəçiliyi ilə Konqo və Ruanda arasında sülh sazişi imzalanıb.

 

Sənədə Konqo Prezidenti Feliks Çisekedi, Ruanda Prezidenti Pol Kaqame və Donald Tramp imza atıblar.

 

İmzalanma ABŞ Sülh İnstitutunda baş tutub. Donald Tramp prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu xatırladaraq, tərəflərlə tarixi sülh və iqtisadi razılaşma imzaladığını açıqlayıb. Mərasimdə Anqola, Brundi, Keniya və bir sıra dövlətlərin dövlət başçıları və yüksəksəviyyəli rəsmiləri iştirak ediblər.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin bu ölkələrin sülh prosesində iştirak etməsi münaqişənin yenidən bərpa olunma ehtimalını minimuma endirir:

 

“Təbii ki, Donald Trampın sülh kontekstində fəaliyyəti böyük önəm daşıyır. Bu, qlobal məkanda münaqişələrin nizamlanması və sabitliyin yenidən bərpa olunması prosesində müəyyən pozitiv nəticələr verir. Bu baxımdan Trampın bu istiqamətdə hətta özünün birbaşa rolu olmayan sülh proseslərində yekun imza atma ənənəsi dünya üçün pozitiv bir məsələdir. Xüsusilə də ona görə ki, mövcud situasiyada dünyanın xaosa doğru sürükləndiyi bir mərhələdə münaqişələrin sayının mümkün qədər azaldılması dünya üçün gələcək münaqişə ocaqlarının daha da alovlanmaması baxımından böyük önəm daşıyır. Təbii ki, bu, ilk növbədə həm Amerika Birləşmiş Ştatlarının beynəlxalq nüfuzu, həm də Donald Trampın özünün şəxsi piarı baxımından da önəm daşıyır. Çünki heç kimə sirr deyil ki, Prezident Tramp Nobel Sülh Mükafatını almaq istəyirdi və özü haqqında beynəlxalq məkanda sülhün və sabitliyin əsas dayağı, sülh yaradan prezident imici yaratmaq istəyirdi. Buna da müəyyən mənada müəyyən həddə qədər nail olmuş kimi görünür. ABŞ kimi nüfuzlu bir dövlətin Afrika ölkələrinin sülh prosesində öz imzası ilə iştirak etməsi həmin münaqişənin yenidən bərpa olunma ehtimalını minimum həddə endirir. Bu, ABŞ-nin nüfuzu ilə bağlıdır. ABŞ-nin vasitəçiliyi və imzası sülh vəziyyətinin pozulma təhlükəsi yaranarkən hər iki tərəfi müəyyən məsuliyyət qarşısında qoya bilər. Bütün bunları nəzərə aldıqda hesab etmək olar ki, hazırda Tramp administrasiyasının bu istiqamətdə, yəni sülh yaratma missiyası istiqamətində atdığı addımlar ABŞ-nin beynəlxalq imicini və nüfuzunu daha da gücləndirir”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər