Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
ABŞ Prezidenti Donald Tramp İsrailin Türkiyəyə F-35 qırıcılarının satılmasına qarşı olması barədə iddialara münasibət bildirib.
Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O, Türkiyənin ABŞ üçün önəmli müttəfiq olduğunu vurğulayaraq deyib: “Türkiyə möhtəşəm müttəfiq olub. Heç kim mənə nəyi satmalı, nəyi isə satmamalı olduğumuzu diktə edə bilməz”.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın son açıqlamasını ümumilikdə müsbət qiymətləndirmək olar:
“Bu bəyanat ABŞ-Türkiyə münasibətlərinin hazırkı mərhələdə qənaətbəxş səviyyədə olduğunu göstərən siqnallardan biridir. Ən azı, Tramp iddiaları təsdiqləyib Türkiyəni təhlükə kimi gördüklərini və bu səbəbdən F-35 qırıcılarını satmayacaqlarını deyə, yaxud İsraillə bağlı narahatlıqları ön plana çıxara bilərdi. Lakin o, bunların heç birini etmədi. Əksinə, Tramp açıq şəkildə vurğulayıb ki, ABŞ Türkiyəni mühüm tərəfdaş hesab edir. Onun açıqlamasından belə başa düşülür ki, F-35-lərin Türkiyəyə satılıb-satılmaması ilə bağlı Tramp administrasiyası hələ yekun qərar verməyib. Bunun müsbət tərəfi isə ondan ibarətdir ki, ABŞ Prezidenti ən yüksək səviyyədə bəyan etdi ki, bu məsələdə qərarı kənar qüvvələr deyil, ABŞ özü verəcək. F-35-lərin Türkiyəyə satılması ilə bağlı ABŞ-nin mövqeyinin dəyişə biləcəyi məsələsinə gəldikdə isə hesab edirəm ki, bu, bir qədər fərqli yanaşma tələb edir. Problem təkcə hakimiyyət dəyişikliyi ilə bağlı deyil. Məsələyə “Bayden administrasiyası satmadı, Tramp administrasiyası isə satacaq” məntiqi ilə yanaşmaq düzgün olmaz. Çünki bu kimi strateji məsələlərdə söhbət yalnız administrasiyaların siyasi iradəsindən getmir. Burada ABŞ-nin dövlət maraqları və uzunmüddətli strateji yanaşması əsas rol oynayır. Prezidentlərin dəyişməsi bu siyasətin avtomatik şəkildə dəyişəcəyi anlamına gəlmir”.
Politoloq həmçinin bunu da qeyd edib ki, tarixi əlaqələri, geosiyasi mövqeyi, hərbi potensialı və texnoloji imkanları nəzərə alındıqda Türkiyə ABŞ üçün əsas tərəfdaşlardan birinə çevrilə bilər:
“Əgər Vaşinqton bu qənaətə gəlibsə və ABŞ-nin strateji maraqları artıq Türkiyə ilə daha sıx əməkdaşlığı tələb edirsə, yaxın gələcəkdə F-35 məsələsində də ABŞ-nin mövqeyində dəyişiklik baş verə bilər. Əks halda, əgər ABŞ-nin Türkiyə ilə bağlı strateji yanaşması dəyişməz qalarsa və Vaşinqton yenə də Ankaraya F-35 kimi ən müasir döyüş təyyarələrinin verilməsinə razılıq verməzsə, Tramp administrasiyası da dövlət maraqlarını nəzərə almağa məcbur olacaq. Bu halda Prezidentin təkbaşına qərar vermək imkanları da müəyyən dərəcədə məhdud olacaq. Hazırkı vəziyyətdə görünən odur ki, ABŞ F-35 məsələsində daha çox vaxt qazanmağa və prosesi uzatmağa çalışır. Vaşinqton ya Türkiyənin strateji əhəmiyyətini tam qəbul edib Yaxın Şərqdə əsas müttəfiqlərdən biri kimi onunla əməkdaşlığı yeni mərhələyə çıxarmalıdır, ya da Türkiyə öz müdafiə sənayesini xarici asılılıq olmadan, yalnız milli maraqlarını əsas götürərək inkişaf etdirmək yolunu davam etdirməlidir”.
Güllər Gülhüseynova