Tramp HƏMAS-a 48 saat vaxt verib
ABŞ prezidenti Donald Tramp ölən girovların cəsədlərini mümkün qədər tez İsrailə qaytarmayacağı təqdirdə HAMAS-a qarşı tədbir görüləcəyini açıqlayıb.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin təqdim etdiyi atəşkəs və ya "sülh sazişi" isə sadəcə görüntü xarakteri daşıyır:
"Yaxın Şərqdə baş verən hadisələr ABŞ-nin himayəsi altında həyata keçirilir. Əgər ABŞ İsrailə həm siyasi, həm də hərbi dəstək verməsəydi, İsrail Yaxın Şərqdə bu qədər aqressiv siyasət həyata keçirə bilməzdi. İsrail dövlətinin siyasəti Ümumdünya Yəhudi Lobbisinin proqramını həyata keçirir. Həmin proqrama əsasən, Yaxın Şərqdə "Böyük İsrail dövləti" yaradılmalıdır və bu da ABŞ-nin himayəsi ilə baş verir. İsrail istər Fələstin məsələsində, istər Qəzzada, istərsə də Suriyada qonşu dövlətlərlə davamlı şəkildə problem yaşayır və müxtəlif bəhanələrlə onların torpaqlarını işğal edir. Bəzən terrorla mübarizə, bəzən özünü müdafiə adı altında bufer zonaları yaradaraq qonşu ölkələrin ərazilərini mənimsəyir. Qəzza məsələsində də eyni siyasət yürüdülür. İsrailin məqsədi Qəzza sakinlərini öz doğma yurdlarından çıxarmaq və həmin əraziləri İsrail torpaqlarına birləşdirməkdir. Bu plan da ABŞ-nin himayəsi altında həyata keçirilir. İsrail Qəzzada "terrorla mübarizə" adı altında, girovların qaytarılması bəhanəsi ilə hərbi əməliyyatlara başlayaraq kütləvi şəkildə insan qətliamı törədib. Nəticədə Qəzzada bütün infrastruktur dağıdılıb, insanların yaşaması üçün heç bir şərait qoyulmayıb. ABŞ-nin təqdim etdiyi atəşkəs və ya "sülh sazişi" isə sadəcə görüntü xarakteri daşıyır. Yaxın Şərqdə dünyada İsrailə qarşı ciddi bir narazılıq və aqressiya formalaşıb. İsrailin apardığı kütləvi insan qırğınları beynəlxalq ictimaiyyətdə güclü qınaq doğurub. Hətta İsrailin baş naziri ABŞ-də çıxış edərkən, 100-ə yaxın ölkənin nümayəndəsi zalı tərk edərək onu boykot edib. Bu, dünya ictimaiyyətinin həm İsrailə, həm də ABŞ-yə yönəlik açıq bir mesajı idi. İsrail isə girovların qaytarılmasını bəhanə edərək gərginlik yaratmağa çalışır. Təəssüf ki, İsrail yenidən müxtəlif səbəblər irəli sürərək vəziyyəti hərbi toqquşmalara sürükləmək və Qəzzanın tam işğalına nail olmaq istəyir. Bu onun əsas məqsədidir. Atəşkəs sadəcə görüntü xarakterlidir. Tarixdə İsrail və Fələstin arasında bir çox atəşkəs razılaşmaları olub, lakin İsrail bu razılaşmaları müxtəlif bəhanələrlə pozaraq Fələstinin ərazilərini mənimsəyib. Hazırda eyni ssenari Qəzzada həyata keçirilir. Birincisi, Qəzzada əhalinin yaşaması üçün lazım olan infrastruktur demək olar ki, yoxdur. İsrail ərazinin 70-80%-nə nəzarət edir və həmin ərazilərdə bütün infrastrukturu məhv edib".
Müsahib bildirib ki, nəticə olaraq, istər Fələstin, istərsə də Qəzzadakı HƏMAS hərəkatı ilə İsrail arasında real danışıqların aparılması mümkün görünmür:
" Çünki İsrail tərəfi heç bir sülh təşəbbüsünü qəbul etməyə hazır deyil. İsrailin ali məqsədi Yaxın Şərqdə “Böyük Yəhudi Dövləti” yaratmaqdır və bu proqram yaxın 50 ilə hesablanmış bir strateji plandır. İsraildə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu məqsəd ardıcıl şəkildə həyata keçirilir. Təbii ki, bu plan ABŞ-nin himayəsi altında icra olunur. Yaxın günlərdə amerikalı ekspertlərdən birinin müsahibəsində də açıq şəkildə qeyd olunub ki, ABŞ-də heç kim Ümumdünya Yəhudi Lobbisinin razılığı və dəstəyi olmadan hakimiyyətə gələ bilməz. Bu fakt göstərir ki, Ümumdünya Yəhudi Lobbisi həm ABŞ-də siyasi hakimiyyətin formalaşdırılmasında, həm də İsrailin bölgədəki maraqlarının qorunmasında mühüm rol oynayır. Bu baxımdan, ABŞ öz Yaxın Şərqdəki strateji müttəfiqi olan İsrailin maraqlarını təmin etmək üçün fəaliyyət göstərir. Son dövrlərdə Donald Trampın çağırışları və atəşkəs təşəbbüsləri də məhz bu maraqları gizlətmək və beynəlxalq ictimaiyyətin təzyiqlərini yumşaltmaq məqsədi daşıyır. Atəşkəs razılaşmaları isə əslində görüntü xarakterlidir. Birləşmiş Millətlər Təşkilatında keçirilən müzakirələrdə və ayrı-ayrı dövlətlərin çıxışlarında İsrailin siyasəti kəskin tənqid olunur. Eyni zamanda, Avropa dövlətləri də Fələstinin tanınması istiqamətində çağırışlar edir. Bütün bu hadisələr İsrailin mövcud siyasi hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Məhz bu beynəlxalq təzyiqləri yumşaltmaq üçün Trampın rəhbərliyi altında görüntü xarakterli atəşkəs təşəbbüsü irəli sürülür. Lakin bu addımlar real həllə deyil, sadəcə beynəlxalq ictimaiyyətin reaksiyasını azaltmağa yönəlib".
Səmayə Səftərova