Tramp ilə BBC arasında gərginlik davam edir
Britaniyanın BBC yayım korporasiyasının baş direktoru Tim Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə bağlı qalmaqal fonunda istefa verib.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirdi ki, Tramp dəfələrlə BBC-nin etibarlı olmadığını səsləndirib:
“ABŞ-nin prezidenti Donald Tramp uzun müddətdir ki, BBC xəbər agentliyinə qarşı tənqidlərini davam etdirir. O, dəfələrlə bu media qurumunun obyektiv və etibarlı olmadığını, hətta BBC-nin fəaliyyətinin dayandırılması barədə çıxışlarında fikirlər səsləndirib.
Son günlər Trampın bir çıxışının BBC tərəfindən təhrif olunması iddiaları bu mövzunu yenidən gündəmə gətirib. Əgər bu təhrif məqsədli şəkildə edilibsə, bu, ciddi siyasi motivli bir hal kimi qiymətləndirilə bilər. Bu zaman ortaya çıxan sual budur: BBC Trampın siyasi kursuna qarşı olan dairələrin maraqlarına xidmət edirmi?
Trampın fikrincə, BBC-nin verdiyi suallar bəzən qərəzli və yönləndirici olur. Xüsusilə son mətbuat konfranslarında BBC əməkdaşlarının sualları Tramp tərəfindən sərt qarşılanıb və o, BBC-ni "yalançı media" adlandırıb.
Əgər yayımlanan materialda Trampın çıxışından yalnız müəyyən hissələr kontekstdən çıxarılaraq təqdim olunubsa, bu da manipulyasiya kimi qiymətləndirilə bilər. Bu cür yanaşmalar media etikasına və ictimai etimada ciddi zərbə vurur.
BBC-nin bağlanması məsələsinə gəlincə, Tramp bu barədə bir neçə dəfə fikirlər səsləndirib. Lakin BBC-nin çox böyük tamaşaçı və oxucu auditoriyası, geniş nüfuzu və beynəlxalq təsiri nəzərə alınarsa, bu, real görünmür. Əgər belə bir ssenari baş versə, digər media qurumları – Reuters, Al Jazeera və başqaları – bu boşluğu doldurmağa çalışa bilərlər.
Nəticə etibarilə, Tramp və BBC arasındakı bu qarşıdurma yeni deyil, uzun müddətdir davam edir və seçki kampaniyaları dövründən sonra da öz aktuallığını saxlayır. Bu isə ABŞ-də media və siyasət münasibətlərinin nə dərəcədə gərgin və qarşılıqlı etimaddan uzaq olduğunu bir daha göstərir".
Aydan Əsgərxanlı
