00:00:00
Yazar
Elmira Ağayeva
21.07.2026 17:16 42 3 dəq oxuma
Siyasət

Tramp: İranın nüvə silahı əldə etməsinin qarşısını iki həftəyə alacağıq

Tramp: İranın nüvə silahı əldə etməsinin qarşısını iki həftəyə alacağıq

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına sahib olmaq imkanını tamamilə aradan qaldırmaqdır. Onun sözlərinə görə, bu istiqamətdə aparılan əməliyyatların nəticəsi bir yarım-iki həftə ərzində görünəcək və İranın nüvə silahı əldə etməsinin qarşısı alınacaq.

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az” a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısının alınması üçün 40 günlük müharibədən sonra bir 3 ay da danışıqlar aparır və istədiyinə nail ola bilməyib:

 

“Bu baxımdan hesab edirəm ki, qarşıdakı bir həftə yarım və ya iki həftə ərzində də dedikləri real görünmür. Amma verilən bu mesajın əsas, ən vacib tərəfi ondan ibarətdir ki, belə bir kəskin bəyanat qarşıdakı günlərdə hərbi əməliyyatların intensivliyinin artırılması və müharibənin coğrafiyasının genişlənməsini sürətləndirə bilər.
Elə son bir həftə ərzində tərəflərin bir-birinə qarşı intensiv, həm də dəqiq zərbələr endirməsi nəticəsində heç də 40 günlük müharibədən geri qalmayan ciddi dağıntılar və hərbi əməliyyatlarla müşahidə olunur. Buna görə də düşünürəm ki, bu cür dinamika belə bir bəyanatın verilib-verilməməsindən asılı olmayaraq, hərbi əməliyyatların daha da intensivləşəcəyinin qaçılmaz olduğunu göstərib və heç şübhəsiz ki, artıq ABŞ prezidenti belə bir bəyanat veribsə, bu o deməkdir ki, biz hərbi əməliyyatların daha kəskin bir mərhələsinə keçid ərəfəsindəyik və bu baş verəcəyi təqdirdə, heç şübhəsiz ki, müharibənin arealı böyüyəcəkdir. Belə bir mövqeyin nümayiş olunması regionda güc balansını yaxın gələcək üçün bir tərəfin xeyrinə tam birmənalı olaraq formalaşdırmasa da, amma bölgədə ciddi eskalasiyanın baş verməsinə gətirib çıxaracaqdır.
Heç şübhəsiz ki, müharibənin coğrafiyası böyüdükcə, iştirakçıların sayı artdıqca, Hörmüz boğazı tamamilə, belə deyək də, iflic vəziyyətinə düşməsi, nəzərə alsaq ki, müharibənin yeni dalğasının başlanacağı təqdirdə həm İran tərəfi, həm də İranın Yəməndəki müttəfiqləri husilər Qırmızı dənizin də ticarət yollarına, Bab əl-Məndəb keçidinin də bağlanacağı ilə hədələyiblər. Və belə olacağı təqdirdə yəqin ki, bu keçidin bağlanması ilə istər-istəməz Avropa ölkələri və NATO bu hərbi əməliyyatlara cəlb oluna bilər.Amma birbaşa iştirak edəcəklərmi, Amerika Birləşmiş Ştatlarına özlərinin hava məkanından sərbəst istifadə etməsinə imkan yaradacaq, Amerika silahlı qüvvələrinə əlavə hərbi və ya maliyyə dəstəyi verəcəkdir, bunu irəliləyən zaman göstərəcək. Ama 40 günlük müharibədə olduğu kimi tərəfsiz qalacağı real görünmür. Xüsusilə də Ankarada keçirilən sonuncu NATO zirvə toplantısında qəbul olunmuş qərarlar da onu deməyə əsas verir ki, NATO həm Yaxın Şərq müharibəsində, həm də Rusiya-Ukrayna müharibəsində növbəti mərhələdə daha vahid, daha koordinasiyalı siyasət yürüdəcək. Yəni söhbət Avropa qitəsində yerləşən NATO üzvləri ilə Amerika Birləşmiş Ştatlarının növbəti mərhələdə hər iki regional müharibədə birgə koordinasiya olunmuş fəaliyyət nümayiş etdirməsindən gedir”.

 

Mələk Hüseynova

#ABŞ #Tramp #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər