Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb.
Bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb. Dövlət başçısı bu addımın Kanadada ABŞ-nin keçmiş Prezidenti Ronald Reyqanın rüsumlarla bağlı mənfi danışdığını göstərən saxta reklam çarxı ilə bağlı atıldığını deyib.
“Ronald Reyqan Fondu Kanadanın saxta şəkildə Ronald Reyqanın tariflər haqqında mənfi danışdığını göstərən reklam çarxı yayımladığını açıqlayıb. Reklamın dəyər 75 min dollar təşkil edib. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarına müdaxilə etmək üçün etdilər. Tariflər ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Onların bu davranışlarına əsasən, Kanada ilə bütün ticarət danışıqları dayandırılır”,- deyə Tramp vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a politoloq Xaqani Cəfərli açıqlamasında bildirib:
“Kanada ABŞ-nin əsas ticarət tərədaşlarından biridir. Hətta 2023-cü ildə Kanada ABŞ-nin ən böyük ticarət tərəfdaşı olub. Donald Tramp və müşavirləri hesab edirlər ki, Kanada ilə ticarətdə ABŞ-nin maraqları tam gözlənilmir. Buna görə də Tramp hakimiyyətə gələndən Kanadaya təzyiqlər göstərir. Hətta Kanadanın ABŞ-nin tərkibinə keçməsini də təklif edib. Buna görə Kanada ilə ABŞ arasında münasibətlər 9 aydan artıqdır ki, gərgin dövrünü yaşayır.
ABŞ-nin Prezident vəzifəsində Respublikaçılar Partiyasının ən uğurlu təmsilçilərindən biri olmuş Ronald Reyqanın tariflər haqqında mənfi danışdığını göstərən reklam çarxının Kanadadan yayımlanması Trampı təsadüfən qəzəbləndirməyib. Hazırda Respublikaçılar Partiyası iki hissədən: Reyqançılar və Trampçılardan ibarətdir. Reyqançıların Trampa müxalif mövqedə olduqları da məlumdur. Ona görə də Kanadanın bu addımı Tramp qəzəbləndirib. Ancaq ABŞ-nin Kanada ilə ticarəti dayandırması mümkün deyil. Üstəlik, Kanada ABŞ-nin hava hücumundan müdafiə sistemində önəmli yerə sahibdir. Ona görə də iki ölkə arasında münasibətlər nə qədər gərgin olsa da, münasibətlərin qırılması mümkün deyil”.
Aydan Əsgərxanlı
