00:00:00
Yazar
Admin User
18.08.2025 05:43 134 2 dəq oxuma
Siyasət

Tramp Kiyevə zəmanət verəcək, amma…

Tramp Kiyevə zəmanət verəcək, amma…

Prezident Donald Tramp Avropa liderlərinə bildirib ki, ABŞ müəyyən şərtlər daxilində Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.

Mənbələrin sözlərinə görə, zəmanət NATO çərçivəsində olmayacaq:

 

“Atəşkəs əldə olunarsa, ABŞ Kiyevi Rusiyanın gələcək təcavüzünə qarşı çəkindirici vasitə ilə təmin etməkdə rol oynamağa hazır olduğunu bildirib”.

 

Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, Alyaska sammiti öncəsi spekulyasiyalar hədsiz çoxdur:

 

“Alyaska sammiti öncəsi spekulyasiyalar həm Avropa mənbələri, həm ABŞ mənbələri, həm Rusiya mənbələri tərəfindən hədsiz çoxdur. Biz bu spekulyasiyalarda fərqli və bir-birinə zidd olan açıqlamaların şahidi oluruq. Məsələn, rus mediası deyir ki, Putinin mövqeyində bir dəyişiklik yoxdur. Əvvəlki “ukraynalılar bu dörd əyalətdən tam çıxmalıdır və NATO-ya daxil olmamalıdır”mövqeyi saxlanılır. Dünən AB, NATO və ABŞ-nin iştirakı ilə onlayn görüş baş tutdu və bu görüşdə Alyaska öncəsi məsələlər müzakirə olundu. Daha sonra mətbuata bəyannamə verildi və orada bir daha Avropanın mövqeyi ortalığa qoyuldu. Ukraynaya təhlükəsizlik zəmanəti verilməlidir. Ukrayna danışıqlarda iştirak etməlidir. Hansısa ərazinin məcburi şəkildə verilməsinə yol verilməməlidir və Ukraynanın NATO yoluna maneə qoyulmamalıdır. Tramp bu görüşdən sonra Avropa ilə mövqelərində uzlaşma olduğunu bildirdi. Görüşü müsbət adlandırdı və görünən odur ki, Trampın əsas məqsədi atəşkəsin təmin edilməsi olacaq. Putinlə görüşdən sonra əgər bu görüş müsbət məcrada gedərsə, dərhal Zelenski ilə telefon danışığı aparacaq. Daha sonra artıq Putin, Zelenskinin iştirakı ilə üçtərəfli görüş həyata keçiriləcək və yalnız bu görüşdə yekun anlaşma əldə oluna bilər. İndiki halda düşünürəm ki, ABŞ və Rusiya Alyaska görüşündə sadəcə bir-birilərinin mövqelərinin nə dərəcədə uyğun olduğunu anlamağa çalışacaqlar və bu mövqelərdə güzəştə getməyin mümkün olub-olmadığını müəyyənləşdirməyə çalışacaqlar. O ki qaldı, Trampın ərazi mübadiləsi məsələsinə, bu, Ukrayna tərəfindən birmənalı şəkildə qəbul edilmir. Zelenski bildirib ki, biz heç bir halda ərazilərimizi Rusiyaya peşkəş verən deyilik. Ona görə düşünürəm ki, çətin danışıqlar gedəcək. Burada əsas məsələ odur ki, Putin güzəştə gedib getməyəcək. Danışıqların sonrakı taleyi buna görə müəyyənləşəcək. Əks halda Donald Trampın da bildirdiyi kimi, Rusiyaya qarşı daha ağır cəza tədbirləri, o cümlədən sanksiyalar gözlənilir”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər