Tramp müharibənin dayandırılması üçün təzyiqləri artırır
ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsinin dayandırılması məqsədilə tərəfləri danışıqlar masasına gətirməyə çalışır. Bu istiqamətdə həm Moskvaya, həm də Kiyevə təzyiqlərin artacağı gözlənilir. Məlumatı ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker “Newsmax”a açıqlamasında bildirib.
Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, münaqişənin dayandırılmasını istəyən ABŞ bunun üçün həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparır, müxtəlif təzyiqlər göstərir:
"Amma görünən odur ki, Rusiya tərəfi bu təzyiqlərə və tələblərə əməl etmək niyyətində deyil. Çünki Rusiyanın öz planları və strateji məqsədləri var. Donald Tramp isə müharibənin dərhal dayandırılmasını, təmas xəttində vəziyyətin “dondurulmasını” istəyir. O, hətta “hamı evinə qayıtsın” çağırışı da edir. Lakin Rusiyanın məqsədləri hələ reallaşmayıb. Onlar bunu fərqli şəkildə ifadə etsələr də, müharibənin əsas səbəbləri aradan qalxmayıb. Əslində, Rusiya tərəfi Ukraynanın “neytrallaşmasını”, “silahsızlaşdırılmasını”, NATO-ya üzvlükdən imtina etməsini, ordusunun azaldılmasını, Avropa İttifaqı ilə inteqrasiyanın dayandırılmasını, rus dilinə xüsusi status verilməsini və bəzi ərazilərin Rusiyaya birləşdirilməsini istəyir. Son danışıqlardan göründüyü kimi, Rusiya ən azı Donbas və Donetskin tam nəzarətini ələ almaqda israrlıdır. Bu tələblər isə, təbii ki, Ukrayna tərəfindən qəbul edilmir. Ona görə də ABŞ-ın təzyiqləri davam etdirəcəyi gözlənilir. Ərazi məsələsi istisna olmaqla, Ukraynanın digər məsələlərdə ABŞ-nin təkliflərinə razılıq verdiyi bildirilir. Hətta Ukrayna tərəfi dərhal atəşkəsin elan olunmasını və bundan sonra danışıqların başlanmasını təklif edir. Rusiya isə bunun əksinə, əvvəlcə öz şərtlərinin qəbul edilməsini, sonra sülh danışıqlarına başlanmasını tələb edir".
Ekspert həmçinin bunu da qeyd edib ki, həm Rusiya ilə ABŞ, həm də Rusiya ilə Ukrayna arasında hələlik ciddi razılaşma yoxdur:
"Bununla yanaşı, ehtimal olunur ki, Rusiya və ABŞ arasında iqtisadi sahədə, xüsusilə nadir torpaq elementlərinin emalı və istehsalı ilə bağlı müəyyən danışıqlar aparılır. Ancaq Ukrayna məsələsində ortaq mövqe hələlik tapılmayıb. Bu səbəbdən, yaxın günlərdə danışıqlardan ciddi nəticə gözləməyə əsas yoxdur. Hər iki tərəfin də reaksiyası, əsasən, müharibəni davam etdirməkdən ibarət olacaq. Ukrayna tərəfinin mövqeyində də ciddi dəyişiklik gözlənilmir. Ukrayna, bu vəziyyətdən istifadə edərək ABŞ-dən “ATACMS” tipli uzaqmənzilli raketlər almağa çalışır, lakin ABŞ hələlik bu silahları verməyə tələsmir. Ola bilsin ki, digər növ silahlar təqdim olunur. Ümumilikdə iki əsas mövqe formalaşıb. Birincisi, Ukraynanı hərbi baxımdan gücləndirərək Rusiyanı sülhə məcbur etmək, ikincisi isə Trampın mövqeyidir , yəni tərəflərdən heç birini açıq dəstəkləmədən, hər ikisinə təzyiq göstərib döyüşləri dayandırmaq və danışıqlar masası arxasına əyləşmək. Hazırda bu iki yanaşmadan heç biri nəticə vermir və müharibə davam edir".
Güllər Gülhüseynova
