Tramp Maduro ilə danışığını təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə telefon danışığının baş tutduğunu təsdiqləyib, lakin söhbətin məzmununu açıqlamayıb. Tramp jurnalistlərin sualına “Cavab bəli, amma şərh vermək istəmirəm” , - deyib.
Danışığın bu ay baş tutduğu və tərəflər arasında mümkün görüşün müzakirə olunduğu ilk dəfə “The New York Times”-dən xəbər verilib.
Telefon danışığı ABŞ-Venesuela münasibətlərində gərginliyin artdığı bir vaxtda üzə çıxır. Tramp son günlər Venesuela hava məkanının “tamamilə qapadılması” çağırışı edib, lakin bunun hərbi əməliyyat demək olub-olmadığına aydınlıq gətirməyib.
ABŞ administrasiyası Maduro hökumətini narkotik ticarəti ilə əlaqəli olmaqda ittiham edir və Karib hövzəsində genişmiqyaslı əməliyyatlar aparır. İnsan haqları təşkilatları bu əməliyyatları qanunsuz və mülki şəxslərin ölümü ilə nəticələnən zərbələr kimi qiymətləndirir.
Maduro administrasiyası danışıq barədə açıqlama verməyib. Venesuela parlamentinin rəhbəri Xorxe Rodriqes isə məsələni şərh etməyib.
The Guardian
Eslanda Kulieva