Tramp Maduro ilə görüşə biləcəyini açıqlayıb
Venesuela ətrafında yaranmış gərgin vəziyyətə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp venesuelalı həmkarı Nikolas Maduro ilə görüşə biləcəyini istisna etməyib.
Bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Müəyyən vaxtda mən onunla danışacağam”,- deyə o qeyd edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın liderliyi əsasən biznes və ticarət üzərində qurulur:
“ABŞ-nin indiki prezidenti Donald Tramp bir qədər fərqli liderdir və daha çox səmimi münasibətləri və qeyri-siyasi jestləri ilə tanınır. Siyasi kursunda da əsasən dövlətin biznes maraqlarını və maddi mənafeyini önə çəkir. Həmçinin biznes sahəsində olduğu kimi dövlət idarəçiliyində də mümkün qədər çox əlaqələr qurmağa, hər kəslə münasibət saxlamağa və bunun nəticəsində də maddi gəlir əldə etməyə meyllidir. Bəlkə də bu, onun biznes və ticarət krallarından olması ilə xarakterizə oluna bilər. O, əvvəlki prezidentliyi dönəmində Şimali Koreya lideri ilə də oxşar təşəbbüslə çıxış edib mümkün görüşü reallaşdırmışdı. Müəyyən təmaslar yaranırdı və hər halda uzun illərdən sonra iki düşmən ölkənin lideri əl tutuşmuş, dialoq etmiş və barış üçün ümid işığı közərmişdi. Lakin Trampın prezidentlik müddəti başa çatıb Cozef Baydenin prezident seçilməsi ilə bu münasibətlər yenidən əvvəlki tempdə davam etməyə başlayır. Düşünürəm ki, Trampın indi də Venesuela prezidenti ilə görüş cəhdi bu qəbildən ola bilər”.
Ekspert qeyd edib ki, hərbi planın həyata keçirilməsi ABŞ üçün müəyyən risklər və xərclər deməkdir:
“Təbii ki, ABŞ-nin Venesuelaya qarşı müəyyən planı var və planın icrasından əvvəl mümkün danışıqlarla nəticənin hasil olmasına ehtimal edilir. Çünki hərbi planın icrası ABŞ üçün müəyyən risklər və xərclər deməkdir. Lakin mümkün razılıq ümidini itirməyən ABŞ prezidenti görüşə cəhd edir və bir növ dünyaya da danışıq tərəfdarı olduğunun mesajını verib, sülh tərəfdarı obrazını canlı saxlayır. Bu görüş baş tutmaya da bilər. Şübhəsiz ki, təktərəfli təşəbbüslər qarşı tərəfin razılığı olmadan baş tutmaya bilər. Necə ki, Trampın Rusiya lideri ilə Ukrayna liderini görüşdürüb danışığa nail olmaq cəhdi baş tutmayıb. Trampın Maduro ilə görüş təşəbbüsü siyasi dəyişikliklərin başlanğıcı sayıla bilər. Əgər ilkin jest ABŞ-dən gəlibsə, Venesuela bunu dəyərləndirəcək. Hesab edirəm ki, görüş baş tutsa da, tutmasa da ABŞ ilə Venesuela arasında münasibətlərin normallaşması ehtimalı böyükdür. Çünki hər iki dövlət üçün bunu şərtləndirən bir çox amillər var. Trampın müharibə və hərbi planların icrasına maddi xərclərə görə o qədər də meylli olmaması hərb planının elə də aktiv olmadığına ehtimal verir. Təbiidir ki, ABŞ razılığa gətirmək istədiyi ölkələrin hər birinə qarşı əvvəlcə sərt üzünü göstərir, hərb yolu ilə müdaxilə edə biləcəyinin mümkünlüyünü nümayiş etdirir. Lakin hər zaman danışıq və diplomatik yollarla problemin həllini sərfəli sayır. Bu, hansısa humanizm dəyərlərindən qaynaqlanmır, maddi məsrəflərə görə bu yol daha optimal sayılır. Ümumiyyətlə, Venesuela ilə ABŞ-nin arasındakı gərginliyin davamlı olmasında maraqlı olan Rusiya, Çin və İran kimi ölkələrin də öz mənafelərini ön planda tutduqları məlumdur. Həmçinin ABŞ-nin prezidenti Donald Trampın da rametmə siyasətinin hədəfi əsasən əsas rəqiblərinin dost və müttəfiqlərini neytrallaşdırmaqdır. Çin və Rusiyanın qol-budaqları olan İran, Venesuela kimi dövlətləri ram etməklə əsas hədəfinə, Çin və Rusiyaya doğru yönəlməyi hesablayır. Bu səbəbdən adı çəkilən ölkələrin və Venesuela ilə ittifaqda olanların digərlərinin ABŞ-Venesuela münasibətlərinin normallaşdırılmasına marağı yoxdur. Bəlkə əksinə, daha da gərginliyin artmasında maraqlıdırlar. Odur ki, bu görüşün baş tutması və ya ümumiyyətlə münasibətlərin nizama salınması üçün Maduronun siyasi qərarlarının hansı istiqamətdə olması mühümdür”.
Lalə Qurbanlı
