Tramp məmurların təhlükəsizliyini gücləndirmək üçün Konqresdən pul istəyib
ABŞ prezidenti Donald Trampın administrasiyası amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlindən sonra icra və məhkəmə orqanlarının təhlükəsizliyini gücləndirmək üçün Konqresdən 58 milyon dollar istəyir.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, son dövrlərdə ABŞ-də gündəmi zəbt edən əsas Çarli Kirkin qətlə yetirilməsidir:
“Təxminlərə görə bunu qlobalistlər edib. Çarli Kirk Donald Trampın ən yaxın dəstəkçilərindən biri idi. Hətta Tramp adminstrasiyasında ali vəzifəli şəxslərin müəyyənləşdirilməsində Çarli Kirkin çox böyük rolu olub. ABŞ-nin vitse-prezidenti də etiraf edib ki, məhz onun kariyerasında Çarli Kirkin çox yaxın rolu olub.
Kirkin qətlə yetirilməsi Tramp tərəfindən çox həssaslıqla qarşılanıb. Tramp bunu özü üçün çox böyük itki hesab edib. Bu baxımdan məmurların təhlükəsizliyi məsələsi Tramp tərəfindən aktuallaşdırılıb. Trampın bu yanaşması birbaşa Çarli Kirkin qətli ilə bağlıdır. Sözsüz ki, bu cür halların cəzasız qalması gələcəkdə kütləvi hal ala bilər.
ABŞ-də bildiyimiz kimi cəmiyyətdə bir qütbləşmə də var. Bu qanunverici orqanda müşahidə olunmaqdadır. Yəni mübahisəli məsələlərin qətllər yolu ilə, zorakılıq yolu ilə həlli təcrübəsini də müşahidə edirik. Bu təcrübənin genişlənməsi ABŞ cəmiyyətində ciddi fəsadlara yola aça bilər. Hazırda ABŞ cəmiyyətində, siyasi müstəvilərdə ciddi dərin fikir ayrılıqları mövcuddur.
Verilən müxtəlif qərarlar ətrafında görürük ki, gərginlik yaşanmaqdadır. Bu cür fonda siyasi apponentlərin bir-birlərinə qarşı zorakılıq metodlarına əl atdığı da müşahidə olunmaqdadır. Düşünürəm ki, ABŞ adminstrasiyasında oxşar halların getdikcə daha tez təkrarlana biləcəyi ilə bağlı narahatlıq mövcuddur”.
Çimnaz Telmanqızı