Tramp “Netflix” və “Victoria’s Secret” istiqrazlarına 82 milyon dollar yatırıb
ABŞ Prezidenti Donald Tramp avqust-oktyabr aylarında ümumi dəyəri 82–337 milyon dollar arasında dəyişən korporativ və bələdiyyə istiqrazları alıb. Bu barədə məlumatı “Reuters”, hökumət etikası idarəsinə təqdim edilən hesabatlara əsasən yayıb.
Trampın investisiya portfelinə Netflix, Victoria’s Secret, Occidental Petroleum və digər böyük şirkətlərin istiqrazları daxildir. Analitiklər bu addımın bazarda iri şirkət istiqrazlarına marağı artıra biləcəyini bildirirlər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki,ABŞ Prezidenti, xüsusilə Donald Tramp haqqında danışırıqsa, o prezident olduqdan sonra biznes fəaliyyəti ilə birbaşa məşğul olmur:
"Yəni o, artıq heç bir holdinqin sahibi və ya rəhbəri kimi çıxış etmir. Biznesi övladlarına ötürür. Mənim yadıma gəlir ki, 2016-cı ildə, prezident seçildikdən dərhal sonra Tramp bütün bizneslərinin faktiki rəhbərliyindən çıxdı və onları övladlarının idarəsinə verdi. Bu, ABŞ qanunlarına və siyasi etika prinsiplərinə uyğundur. Bəli, Donald Tramp əvvəllər biznesmen olub, milyarderdir, bu da hər kəsə məlumdur. Burada gizli heç nə yoxdur. Ümumiyyətlə, əgər ölkə prezidentinə məxsus şirkət və ya dövlətlərlə əlaqəli olan bir şirkət korporativ istiqrazlara investisiya edirsə, bu, bazara və investor etimadına müsbət təsir göstərir. Çünki düşünülür ki, onlar informasiyanın içindədirlər və bu cür qərar verirlərsə, deməli, pozitiv gözləntilər mövcuddur.Məsələn, Warren Buffettin rəhbərlik etdiyi Berkshire Hathaway şirkəti bazarlarda ciddi təsir gücünə malikdir. Onlar portfellərini açıqlayanda və ya yeni investisiyalar edəndə, bu, bazarlarda əhəmiyyətli hərəkətlər yaradır, bir çox şirkətlərin gəlirlərinə və səhmlərinin qiymətinə müsbət təsir edir.
Amma bu kontekstdə danışdığımız məsələ Trampla birbaşa əlaqəli deyil. Trampın hər hansı bir şirkətə investisiya qərarının və ya onun adının çəkilməsinin, bazarda Buffettin təsiri ilə eyni səviyyədə təsir göstərəcəyini demək doğru olmaz. Çünki bu artıq fərqli bir sferadır. Həmçinin, hansısa bir şirkətin səhmlərinə böyük həcmdə investisiya yatırımı olunarsa, bu, həmin səhmlərin qiymətini qaldıra bilər. Amma bu, avtomatik olaraq üçüncü şəxslərlə əlaqəli deyil və geniş təsir üçün daha çox faktorlar lazımdır".
Aişə Mustafayeva