Tramp Putini Ukraynaya hava hücumlarına görə sərt tənqid edib
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibə çərçivəsində ən böyük hava hücumunu həyata keçirməsindən və azı 13 nəfərin həyatını itirməsindən sonra Vladimir Putinə sərt iradlar bildirib.
O, Putini “tamamilə dəli” adlandırıb. Bazar günü gecə Truth Social platformasında yayılan bu şərhlər Trampın Putinə qarşı nadir hallarda səsləndirdiyi sərt fikirlərdən biri olub. “Putinlə münasibətlərim həmişə yaxşı olub, amma onun halı dəyişib. Tamamilə dəli olub!” – deyə Tramp bildirib. “Putin Ukraynanın bir hissəsini yox, bütün Ukraynanı istəyir. Əgər belə etsə, bu, Rusiyanın sonu olar!” – deyə əlavə edib.
Bu şərhlər, Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiyanın rekord sayda pilotsuz uçan aparatla hücum etdiyini açıqlamasından sonra verilib. Rusiya 298 pilotsuz uçan aparat və 69 raket buraxıb. Ukrayna isə onlardan 266 pilotsuz aparatı və 45 raketi zərərsizləşdirə bilib. Hücum miqyasına görə müharibənin indiyədək olan ən böyüyü hesab edilib. Ölənlər arasında 8, 12 və 17 yaşlı uşaqlar var. Yaralananların sayı 60-dan çoxdur. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya rəhbərliyinə ciddi təzyiq göstərilmədikcə bu zorakılıq dayanmayacaq. O, Qərbin səssizliyini Putini cəsarətləndirməkdə günahlandırıb və sanksiyaların vacibliyini vurğulayıb.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə