Tramp Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv edib
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.
"Biz prezident Putinlə görüşü ləğv etdik. Hiss olunurdu ki, bu, düzgün deyil. Mənə elə gəlirdi ki, lazımi məqsədə çata bilməyəcəyik", - deyə Tramp jurnalistlərə bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib:
“Tramp Putinlə razılığa gəlmək üçün onu hədələyir. Bir tərəfdən deyir görüşüb sülh əldə etmək lazımdır, digər tərəfdən Ukraynaya “Tomahavk” raketlərini verəcəyini bildirir. Əslində Tramp bilir ki, bu raketlər müharibənin gedişində dönüş yarada bilər və Rusiyanın dərinliklərini vurmağa imkan verər, ona görə də düşünür ki, bu Putinin gözünü qorxudar və o, sülhə razı olar. Elə “Tomahavk”ların Ukraynaya verilməsi müzakirə edilirdi ki, Prutinlə Trampın telefon danışığı baş tutub. Ardından liderlər Budapeştə görüşə razılaşdıqlarını bəyan ediblər. Amma Putinin vaxt udmağa çalışmasını anlamaq üçün Trampa çox vaxt lazım olmayıb. Rubio və Lavrovun telefon danışığından sonra ABŞ dövlət katibi Rusiyanın mövqeyində heç bir dəyişiklik baş vermədiyi bəyanatını verib. Beləliklə, Tramp anlayıb ki, görüşün keçirilməsi düzgün deyil və bu yalnız Putinə vaxt qazandırır.
Çox vaxt deyilir ki, Trampın əsas məqsədi Ukraynada sülhə nail olmaqdır. Düzdü Tramp bu müharibəni dayandırmaq istəyir, amma bu onun taktiki məqsədidir. Trampın strateji məqsədi isə hətta Ukraynada Rusiyaya güzəştə getmək bahasına da olsa Rusiyanı Çinlə müttəfiqlikdən uzaqlaşdırıb öz tərəfinə çəkməkdir. Tramp beləcə əsas rəqibi olan Çini təkləyib məğlub etmək istəyir. Məncə Tramp lazımi məqsədə çatmaq deyəndə bunu nəzərdə tutur. Düşünürəm ki, Tramp Putinlə görüşə getsə belə heç nə dəyişməyəcəkdi. Bu sadəcə olaraq Putinə vaxt qazandıracaqdı.
İndi Trampın Moskvaya qarşı sanksiyaları sərtləşdirəcəyini və Ukraynaya “Tomahavk” raketlərinin heç olmasa az bir hissəsini verməklə Rusiyanı cəzalandıracağını proqnozlaşdırmaq olar”.
Aydan Əsgərxanlı
