Tramp qanunsuz miqrantlara sığınacaq verən şəhərlərin maliyyəsini kəsəcək
"ABŞ hakimiyyəti ölkədə qanunsuz miqrantlara sığınacaq verən istənilən şəhər və ya ştatın federal maliyyədən məhrum edilə biləcəyinə dair sənəd hazırlayır".
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın miqrasiya ilə bağlı siyasəti hələ əvvəlki prezidentlik dönəmindən özünü büruzə verib.
"Deyə bilərəm ki, Donald Trampın miqrasiya ilə bağlı siyasəti hələ ötən prezidentlik dönəmindən özünü büruzə verib. İndi isə Tramp bu istiqamətdə hücum mövqeyinə keçir. Düşünürəm ki, problemi həll etmək istəyən hər bir şəxs, siyasətçi və ya lider ilk növbədə müxtəlif variantları nəzərdən keçirir. Amma ən təsirli yanaşma maliyyə mexanizmidir. İstənilən arzuolunmaz prosesin qarşısını almaq üçün onun maliyyə kanallarını nəzarətə götürmək, hətta lazım gəldikdə tamamilə dayandırmaq vacib sayılır. Trampın bu istiqamətdə atdığı addım çox ciddidir. O, açıq şəkildə bu prosesi nəzarətə götürmək və qarşısını almaq niyyətindədir.
Qeyd edim ki, Tramp birinci prezidentlik dönəmində Meksika ilə sərhəddə divar tikmək layihəsini ortaya atmış və bu layihənin icrasına başlamışdı. Artıq Tramp anlayır ki, bu onun son prezidentlik dönəmidir və burada qətiyyətli mübarizə aparmaq lazımdır. Buna görə də o, prosesi başlayaraq işlək vəziyyətə gətirməyə çalışır. Bu problem, deyərdim ki, hazırda dünyada ən kəskin mövzulardan biridir. Qeyri-sabit ölkələrdən insanların qərbə axını müşahidə olunur. Avropada da külli miqdarda miqrant var və onlar, təkcə cüzi maliyyə dəstəyi ilə deyil, həm də problemləri ilə gəlirlər.
Təsadüfi deyil ki, istər ABŞ-da, istərsə də Almaniyada, Fransada və digər Avropa ölkələrində miqrantlar yerli əhalini həm sosial, həm də iqtisadi baxımdan ciddi sınaqlarla üz-üzə qoyurlar. Onlar çalışırlar ki, yerli əhalinin hesabına öz sosial və maliyyə durumlarını yaxşılaşdırsınlar. Bu zəmində də böyük etirazlar baş qaldırıb. Məsələn, Macarıstan, Polşa və digər Şərqi Avropa ölkələrində bu məsələyə qarşı ciddi narazılıq ortaya çıxmışdı. Həmin ölkələrin hakimiyyət orqanları isə vəziyyət qarşısında aciz qalaraq nə edəcəklərini bilmirdilər. Çünki rəsmi Brüssel tərəfindən kvotalar müəyyənləşdirilirdi ki, hər bir ölkə özündə müəyyən sayda miqrant qəbul etməlidir.
İndi isə Donald Tramp istəyir ki, bu problemi sadə və anlaşılan yollarla, ən həssas nöqtələrə toxunaraq məntiqi sonluğa çatdırsın. Əgər söhbət qanunsuz miqrantlardan gedirsə və onlara sığınacaq verən təşkilatlar, dairələr, şəhərlər və ştatlar varsa, deməli, onlar da federal hökumətin qərarlarına riayət etməlidirlər.
Belə bir vəziyyət yarana bilər ki, rəsmi Vaşinqton bu prosesdə barışmaz mövqe tutur, miqrantların qarşısını almağa çalışır, lakin yerli ştat hökumətləri əksinə olaraq miqrantlara dəstək verir və onların gəlişinə şərait yaradır. Odur ki, bu sahədə ikili yanaşma olmasın deyə, Tramp bildirir ki, əgər hansısa ştat federal hökumətin qərarına zidd hərəkət edərsə, onun maliyyəsi kəsiləcək.
Maliyyə kəsiləcəyi təqdirdə isə həmin ştatlar çətin vəziyyətə düşəcək və Trampın çağırışlarını nəzərə almağın vacibliyini anlayacaqlar. Burada həm yerli, həm də mərkəzi orqanların birlikdə səfərbər olub miqrant axınının qarşısını almaları vacibdir.
Qeyd etmək istəyirəm ki, bəzi ölkələrdən – xüsusilə Asiya və Afrika ölkələrindən – gələn şəxslər heç də imkansız insanlar deyillər. Onlar öz ölkələrində müəyyən imkanlara sahib olsalar da, gələcəklərini orada görmədikləri üçün mövcud resursları ilə başqa ölkələrə üz tuturlar. Avropada və ABŞ-da sığınacaq tapmaqla özlərini və övladlarını sığortalamaq istəyirlər.
Hesab edirəm ki, Afrika, Asiya, Cənubi Amerika və digər bölgələrdə yerləşən ölkələr də bu məsələyə daha prinsipial yanaşmalı və daxildəki narazılıqların qarşısını almaq üçün ciddi addımlar atmalıdırlar. Həmçinin, imkanlı şəxslər də özlərini yazıq vəziyyətə salaraq miqranta çevrilməməli, başqalarının hesabına daha yaxşı həyat qurmağa çalışmamalıdırlar”.
Səmayə Səftərova