00:00:00
Yazar
Admin User
27.10.2025 18:05 95 2 dəq oxuma
Dünya

Tramp: Sabah Si Cinpinlə görüşəcəyəm

Tramp: Sabah Si Cinpinlə görüşəcəyəm

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə sabah görüşəcəyini açıqlayıb. O, Malayziya Baş naziri Ənvər İbrahimlə sənəd imzalama mərasimində çıxışı zamanı Yaponiya ilə “maraqlı sövdələşmələrin” də gündəmdə olduğunu bildirib. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində keçiriləcək.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ–Çin münasibətlərində bu gün əsas məqsəd gərginliyin azalmasıdır:

 

“Əgər ABŞ və Çin münasibətlərində — yəni Si Cinpinlə görüşdə tariflər, Tayvan məsələsi və yeni texnologiyalarla bağlı məsələlər razılaşdırılsa, bu, o deməkdir ki, onların münasibətləri getdikcə normallaşa bilər. Yox, əgər bu məsələlərdə geriyə addım atsalar, yəni razılıq əldə olunmasa, vəziyyət yenə eyni qalacaq. Biz bilirik ki, Çin bu gün dollarsız ticarətin aparılmasına yol açıb. Tramp isə dolları yenidən gündəmə gətirərək ölkələrin ticarətini dollarla aparmalarına çalışır. Təbii ki, bu məsələ də tariflərlə bağlıdır. ABŞ Çin məhsullarına tətbiq etdiyi tarifləri azaltmalı, qarşılıqlı güzəştlərə baxılmalıdır. Digər tərəfdən, Rusiya ilə olan münasibətlər də Çinə təsir edir. Necə ki, Hindistana Rusiyadan neft almaması üçün təzyiq göstərilir, eyni vəziyyət Çinə də şamil olunur”.

 

Politoloqun sözlərinə görə, bu məsələ ilə bağlı da danışıqlar aparılmalıdır:

 

“Ancaq ABŞ heç bir dövlətə onların istədiyi kimi ucuz qiymətə neft verə bilmir. Digər bir tərəfdən, Malayziya məsələsi də bu gün gündəmdədir. Əgər o regionda danışıqlar normal keçərsə, deməli, Malayziya ilə bağlı məsələlər də öz həllini tapacaq. Yaponiya bu gün ABŞ-ın ən böyük müttəfiqidir və Malayziya ilə ABŞ-ın Asiya regionunda böyük sövdələşmələri var. Əgər Yaponiya ilə əldə ediləcək razılaşmalar Malayziya ilə əməkdaşlığı da əhatə edəcəksə, bu, regionda iqtisadi gərginliklərin azalmasına səbəb ola bilər. Çünki Malayziya həm Çin, həm də ABŞ-la iqtisadi tərəfdaşlıq münasibətlərinə malikdir. Ona görə də əgər hər iki sövdələşmə həyata keçsə, Malayziya vasitəsilə regionda yeni iqtisadi yollar açıla bilər. Əgər Çinlə ABŞ bu gün geosiyasi baxımdan razılığa gələrsə, bu bölgədə sabitlik yaranacaq və iqtisadi inkişaf istiqamətində irəliləyiş müşahidə olunacaq”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər