Tramp sanksiyaları ləğv edib:
ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı fərmanı tarixi sənəddir.Bunu Suriya xarici işlər naziri Əsəd əl-Şeybani deyib.
“Biz prezident Trampın tarixi fərmanını alqışlayırıq. Suriyaya qarşı tətbiq edilən əksər sanksiyalar ləğv edilir”, - deyə nazir qeyd edib.
Əl-Şeybaninin sözlərinə görə, bu sənədi imzalamaqla Ağ Evin sahibi Suriyaya öz tarixinin yeni mərhələsinə keçməyə kömək edəcək, bununla da ölkə bütünlüklə sabitliyə nail olacaq və beynəlxalq ictimaiyyətə açıq olacaq.Şeybani qeyd edib ki, qarşıdan gələn iqtisadi dirçəliş, öz növbəsində, əvvəllər ölkəni tərk etməyə məcbur olmuş Suriya vətəndaşlarının öz vətənlərinə qayıtması üçün təhlükəsiz şərait yaradacaq.
Mövzu ilə bağlı siyasi şərhçi Aqşin Kərimov “İnformator.az”a açıqlamasında bildirib ki,ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyalar proqramını ləğv etməsi Ağ Ev tərəfindən “ABŞ-nin regionda sabitlik və sülh yolunu dəstəkləməsi” kimi dəyərləndirilir:
“Sanksiyaların aradan qaldırılması, ABŞ-nin Yaxın Şərqdə hərbi müdaxilələr nəticəsində itirdiyi mövqeləri iqtisadi əməkdaşlıq vasitəsilə bərpa etmək planına əsaslanır.Suriyada Türkiyənin rəhbərliyi ilə Bəşər Əsədin devrilməsi və Əhməd Əş-Şaaranın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin regional siyasəti yeni reallıqlara uyğunlaşdırılmağa başlayır. Vaşinqton Tramp dövründəki Yaxın Şərq siyasətini bu yeni strategiyaya uyğun formada həyata keçirmək niyyətindədir”.
Aqşin Kərimov əlavə edib ki, sanksiyaların ləğvi, eyni zamanda, Türkiyənin PKK-nın Suriya qanadını zərərsizləşdirmək üçün planlaşdırdığı addımlar üçün əlverişli zəmin yaradır:
“Belə ehtimal edilir ki, ABŞ Suriyada həm Türkiyəyə, həm də rəsmi Dəməşqə təhdid yaradan kürd silahlı qruplarına dəstək mexanizmini məhdudlaşdıra bilər.Bu yanaşma, Vaşinqtonun Ankara ilə birlikdə bölgə üçün yeni strategiya formalaşdırmaq səylərinin tərkib hissəsi kimi qiymətləndirilir”.
Ləman Mahmudlu