Tramp Ukrayna məsələsindən uzaqlaşır
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Avropa Birliyinin (AB) köməyi ilə ərazilərini geri qaytara biləcəyinə dair açıqlaması ilə müharibə məsələsindən uzaqlaşdığına eyham vurmuş ola bilər, bu barədə “Reuters” məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, ABŞ-nin Prezidenti Donald Tramp Ukrayna məsələsindən uzaqlaşır:
"Onun bu sözü sadəcə siyasi eyham və ya tənə ola bilər. Avropadan onun ümidləri vardı. Bir qədər əvvəl bəyan etmişdi ki, Avropa ölkələri Çinə qarşı vergiləri artırmalıdır. Rusiyaya qarşı sanksiyalar məsələsində Avropadan daha çox gözləntiləri vardı. İndi belə açıqlamalarla bildirmək istəyir ki, ABŞ olmadan Avropa Ukraynanı xilas edə bilməyəcək. Bu, ABŞ-nin Ukrayna məsələsindən geri çəkilməsi yox, Prezidentin siyasi manevri ola bilər. Hər bir halda, bu açıqlamadan sonra Avropa İttifaqı da Ukrayna məsələsində daha ciddi mövqe nümayiş etdirməyə hazır olmalıdır. Çünki Trampın bu fikrindən sonra Rusiya üstünlük əldə etməyə davam edərsə, nəticə həm Ukraynanın, həm də Avropanın maraqlarına xələl gətirəcək. Trampın bu açıqlaması Avropa-ABŞ münasibətlərini bir daha canlandıracaq, bir qədər də gərginləşdirəcək. Avropa Ukraynaya dəstək anlamında daha ciddi səfərbər olacaq və ABŞ-nin hansı mövqedə olmasından asılı olmayaraq dəstək davam edəcək".
Qəmər Kazımzadə
