00:00:00
Yazar
Admin User
17.10.2025 18:43 140 2 dəq oxuma
Siyasət

Tramp və Putin Budapeştdə görüşəcək

Tramp və Putin Budapeştdə görüşəcək

Rusiya və ABŞ prezidentləri, Vladimir Putin və Donald Tramp tezliklə Budapeştdə növbəti təkbətək görüş keçirəcək. Tramp Putinlə iki həftə ərzində görüşə biləcəyini deyib. Ağ Ev rəhbəri əlavə edib ki, öncə ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri bir araya gələcək.

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu qədər fikir ayrılığı olan qüvvələrin uzun vədəli razılıq əldə etməsi real deyil:

 

“Rusiya prezidenti ilə Amerika Birləşmiş Ştatlarının prezidenti arasında növbəti bir görüşün baş tutub-tutmaması, düşünmürəm ki, ABŞ ilə Rusiya arasinda dərin, eyni zamanda həm də ziddiyyətli fikir ayrılıqlarına bir dəfəlik son qoymuş olsun. Bu gün ABŞ və onun ən yaxın müttəfiqləri yeni bir dünya düzəninin formalaşmasına çalışır. O cümlədən Rusiya, digər dövlətlərlə, ya əvvəlki statuslarını qoruyub saxlamaq üçün hazırki dünya statusunun qismən modernləşməsini və özlərinin yenə də yeni düzənin əsas söz sahiblərindən biri olaraq qalmasına çalışır. Yaxud da ki, o yeni düzəni formalaşdırmaq istəyənlərin qarşısında sona qədər dirəniş göstərib onun nəticələrindən yola davam etmək istəyir. Düşünürəm ki, bu qədər fikir ayrılığı olan, bu qədər qarşı-qarşıya olan qüvvələrin uzun vədəli razılıq əldə etməsi real deyil. Ola bilsin ki, hansısa ticari məsələlərdə, taktiki məsələlərdə tərəflər arasında əməkdaşlıq mümkün olsun. Amma bu mövzularda ciddi fikir ayrılığı olan məsələlər üzərindən reallaşması mümkün deyil. Söhbət Ukrayna məsələsində ya Rusiyanın geri çəkilməsindən ya da ABŞ-nin öz mövqeyindən geri çəkilməsindən gedir”.

 

Ekspert qeyd edib ki, belə görüşlərdən ciddi səviyyədə yeni düzənin yaradılmasına gətirən nəticələr gözləmək doğru deyil:

 

“O cümlədən digər bu qəbildən olan məsələlərdə tərəflərin uzlaşması real görünmür. Konkret Ukrayna cəbhəsindən davam etsək, deyə bilərik ki, tərəflər əsir və həlak olanların cəsədlərinin dəyişdirilməsi, digər bu qəbildən olan humanitar addımların atılmasında müəyyən razılığa gəlib, onu da münaqişənin və müharibənin həlli istiqamətində ciddi bir uğur kimi təqdim edə bilərlər. Amma bütövlükdə Ukrayna cəbhəsində yaşananlara münasibətdə nə Rusiya Qərbin və o cümlədən Ukraynanın BMT-yə qəbul olarkən ərazi bütövlüyünü tanımaqda hazır deyil. Nə də Qərb tərəfi və o cümlədən Ukrayna dövləti və xalqı Rusiyanın işğal etdiyi əraziləri özünə birləşdirmək və Ukraynada rus dilinə ikinci dil statusu verərək, Avropa və NATO-ya üzv olmamaqla bağlı faktiki kapitulyasiya aktı olacaq bir sülh öhdəliyi götürməyə hazır deyillər. Ona görə də bu tip görüşlər nə qədər təqdir olunsa da, bu görüşlərdən ciddi və beynəlxalq səviyyədə yeni düzənin yaradılmasına gətirib çıxaracaq nəticələri gözləmək doğru deyildir”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər